Tbilisidə tətbiq olunan 90 dəqiqəlik transfer sistemi sərnişinlərə bir ödənişlə müəyyən müddət ərzində yenidən avtobus və metrodan istifadə imkanı yaradır. Bu model həm ictimai nəqliyyata marağı artırır, həm də vətəndaşların xərclərini azaltmağa xidmət edir. Bəs oxşar sistem Bakı ictimai nəqliyyatında da tətbiq oluna bilərmi? Bu ilin sonuna qədər paytaxtda belə yeniliyin şahidi olmaq mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, belə sistemin tətbiqi üçün ilk növbədə “Brutto müqavilə” modelinə keçid vacibdir.

Ekspertin sözlərinə görə, Azərbaycanda artıq bu istiqamətdə qərar qəbul olunub və 2026–2028-ci illərdə mərhələli keçid nəzərdə tutulur:
“Ümumilikdə bu növ sistemi işə salmaq üçün Brutto müqaviləyə keçid lazımdır. Bu modeldə daşıyıcıların maliyyə dayanıqlığını təmin etmək məqsədilə subsidiya mexanizmi tətbiq olunur və ödənişlər hər kilometrə əsasən hesablanır.
Brutto müqavilə sistemi yalnız subsidiyanı deyil, həm də müxtəlif bilet paketlərini əhatə edir.
Bu modelin tərkibində günlük, həftəlik, aylıq və illik bilet paketləri, eyni zamanda 90 dəqiqəlik transfer imkanları da yer alır. Bu müddət şəhərdən şəhərə dəyişə bilər. Bəzi şəhərlərdə 45, 60 və ya 90 dəqiqəlik pulsuz keçidlər tətbiq olunur”.
Ekspertin fikrincə, bu yanaşma xüsusilə uzaq məsafədən gələn sərnişinlərin maliyyə yükünü azaltmağa kömək edir:
“Bu sistem sərnişinlərin xərclərinin optimallaşdırılmasına xidmət edir. Amma bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ona görə ilk növbədə Brutto müqaviləyə keçid təmin olunmalıdır. Daha sonra digər yeniliklər də mərhələli şəkildə öz həllini tapacaq”.
Beləliklə, ekspertin açıqlamasından görünür ki, Bakı üçün 90 dəqiqəlik transfer sisteminin tətbiqi perspektivdə mümkün sayılsa da, bunun yaxın aylarda reallaşması daha çox nəqliyyat idarəetmə modelində aparılacaq islahatlardan asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az
