TƏCİLİ: Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADIbackend

TƏCİLİ: Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

Vladimir Putin ilin sonunadək müharibəni başa çatdırmaq istəsə də, bunun yalnız Rusiyanın “qələbə” hesab etdiyi şərtlərlə mümkün olduğunu düşünür.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin anonim mənbəyə istinadən yazdığına görə, Kremlin əsas şərtlərindən biri Rusiyanın uzun illərdir tam nəzarətə götürə bilmədiyi Ukraynanın şərqindəki Donbas bölgəsinə tam nəzarətin təmin olunmasıdır.

Moskva eyni zamanda Avropa ilə daha geniş təhlükəsizlik sazişi əldə etməyə çalışır ki, bu da faktiki olaraq Rusiyanın işğal etdiyi ərazilərin tanınması anlamına gələ bilər.

Məlumatda qeyd olunur ki, Kremlin sözçüsü Dmitri Peskov Putinin müharibənin başa çatması üçün konkret vaxt müəyyənləşdirdiyi barədə xəbərləri təkzib edib.

Bloomberg yazır ki, Ukraynanın pilotsuz uçuş aparatlarının həm cəbhədə Rusiya qüvvələrinə ciddi zərbələr endirməsi, həm də Rusiyanın dərinliklərində hücumlar həyata keçirməsi fonunda ölkə daxilində Putinə qarşı narazılıq artır. İqtisadi çətinliklər və internet məhdudiyyətləri də cəmiyyətdə müharibə yorğunluğunu gücləndirir. Mənbələrin iddiasına görə, Rusiya elitasının bir hissəsi də münaqişənin dalana dirəndiyini düşünür.

Agentlik onu da vurğulayır ki, Ukrayna cəbhədə müəyyən üstünlüklər qazansa da, əsas məqsədlərinə, Rusiyanın işğal etdiyi ərazilərin böyük hissəsini geri qaytarmağa və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda qəbulolunan sülh sazişinə nail olmağa hələ də yaxınlaşa bilməyib.

Bloomberg-in qiymətləndirməsinə görə, Ukraynanın getdikcə daha çox PUA-dan istifadə etməsi müharibənin gedişində həlledici amillərdən birinə çevrilib. Son günlərdə Ukrayna qüvvələri Moskva və ətraf bölgələrə müharibə başlayandan bəri ən genişmiqyaslı dron hücumlarından birini həyata keçirib. Bu isə bir çox rusiyalının müharibənin artıq onların gündəlik həyatına da təsir etdiyini düşünməsinə səbəb olub.

Nəşrin danışdığı bəzi avropalı diplomatlar Rusiyada ümumi ovqatın gərgin və pessimist olduğunu, Ukrayna dronlarının müharibəni Moskvanın özünə daşıdığını və cəbhədə vəziyyətin faktiki olaraq dalana dirəndiyini bildiriblər.

Bununla yanaşı, Ukrayna da ciddi problemlərlə üzləşir. Müharibədən yorulan əhali arasında orduya qoşulmaq istəyənlərin sayı azalır, genişmiqyaslı səfərbərlik isə cəmiyyətdə populyar deyil. Digər əsas problem isə Rusiyanın ballistik raket hücumlarıdır. Qış aylarında bu zərbələr Ukraynanın enerji infrastrukturuna ciddi ziyan vurub. Kiyev dəfələrlə ABŞ istehsalı olan Patriot sistemləri üçün sursat çatışmazlığından şikayət edib. Ukrayna rəsmilərinin fikrincə, bu sistemlər ballistik raketlərə qarşı ən effektiv müdafiə vasitələrindən biridir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*