Yollarda siren və xüsusi işıq siqnalları ilə hərəkət edən təcili tibbi yardım avtomobillərinə yol vermək sürücülərin əsas vəzifələrindən biridir. Bəs belə nəqliyyat vasitələrinə şərait yaratmaq üçün sürət həddini qısa müddətə aşan və ya digər yol hərəkəti qaydalarını pozan sürücülər radar və kameralar tərəfindən cərimələnə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, təcili tibbi yardım və digər operativ nəqliyyat vasitələrinə yol vermək bütün sürücülərin borcudur.

“Arxadan xüsusi işıq və səs siqnalları ilə yaxınlaşan operativ nəqliyyat vasitəsinə şərait yaratmaq üçün sürücü avtomobilini mümkün qədər sağ zolağa çəkməli və maneəsiz keçid təmin etməlidir. Bu zaman hansısa yüngül qayda pozuntusu baş veribsə və həmin hərəkət digər yol hərəkəti iştirakçılarına maneə yaratmayıbsa, sürücü sonradan Dövlət Yol Polisinə müraciət edə bilər. DYP məsələni araşdıraraq müvafiq qərar qəbul edir”.
Ekspert vurğulayıb ki, qanunvericilikdə operativ nəqliyyat vasitəsinə yol vermək məqsədilə sürücünün qayda pozmasına birbaşa icazə verən xüsusi norma mövcud deyil:
“Qanunda belə bir maddə yoxdur ki, sürücü operativ nəqliyyat vasitəsinə yol vermək zərurəti ilə yol hərəkəti qaydalarını poza bilər. Əgər qayda pozuntusu baş veribsə, bu, sürücünün məsuliyyəti hesab olunur. Ona görə də sürücülər çalışmalıdırlar ki, təcili yardıma yol verərkən belə, yol hərəkəti qaydalarını pozmasınlar”.
Eldəniz Cəfərovun sözlərinə görə, belə hallarda yekun qərarı Dövlət Yol Polisi verir və hər bir müraciət fərdi qaydada qiymətləndirilir. Buna görə də təcili yardıma yol vermək üçün edilən hərəkətin zəruri olub-olmaması və qayda pozuntusunun hansı şəraitdə baş verməsi araşdırıldıqdan sonra qərar qəbul edilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
