“Təəssüf ki, bütün bu proseslər üçüncü Dünya Müharibəsi ilə nəticələnəcək” – ŞƏRHbackend

"Təəssüf ki, bütün bu proseslər üçüncü Dünya müharibəsi ilə nəticələnəcək" - ŞƏRH

Bu infoqrafika Çin XİN saytında hələ fevralın 24-də yayılmışdı. Son 70 ildə, ikinci Dünya müharibəsindən sonra ABŞ-ın bombaladığı ölkələrin siyahısıdır. Haqlı xatırlatmadı. Nə ABŞ, nə də Avrozona dövlətləri mələk deyil. Amma analitik təfəkkürə malik məlumatlı kəslər məndən də yaxşı bilir ki, ruslar az qala dünya iqtisadiyyatının ağalarına qarşı savaşdan olduqca böyük itkiylə və bəlkə də məğlub çıxacağı tələyə salındı.

Nəmənd Rüstəmov, siyasi şərhçi

Bəri başdan deyim ki, Rusiyanın Ukraynaya silahlı müdaxiləsini işğal sayıram. Amma görünən budur ki, hazırki savaşı körukləyənlərə Ukraynanı dünyada rusa qarşı total nifrətin yaranması üçün qurban kimi istifadə etmək lazım idi. Buna nail oldular. Onlara Ukraynanı qorumaq lazım olsa, 2014-də Krımın ilhaqından, əslində işğalından sonra onu NATO-ya qəbul edər, indi də savaşda ruslara qarşı Ukrayna xalqı ilə çiyin-çiyinə vuruşardılar.

Putin özü də Qərbə mesajlarında “bu savaşdan heç bir tərəf qalib çıxmayacaq” deyəndə bu savaşa müdaxilə etmək istəyənlərə ünvanlı nüvə təhdidi ilə yanaşı öz risklərini də nəzərdə tuturdu hər halda. Rusiya prezidentinin ən böyük riski həm də Ukraynanı öz evinin içində Suriyaya çevirməsidir. 40 milyonluq, özü də sənin hər cikini-bikini bilən xalqın qüruru ilə oynamaq risk idi.

Rusların kəşfiyyat məlumatları və proqnozlarında yumşaq desək, qeyri-korrektlik olduğu da aydın görünür. Ukrayna rusu gül-çiçək, düz çörəklə qarşılamadı. Savaşdan öncə güclü reytinq itkisinə məruz qalan, seçkidə xalqa verdiyi vədlərin çoxuna əməl edə bilməyən Zelenski işğalçı qüvvələrə qarşı dirənişlə artıq Ukrayna xalqının birlik simvoluna çevrilir.

Bu arada, məlumdur ki geoplitik baxımdan səndən güclü dövlət sənin liderliyinə potensial təhdid deməkdir. Çin ilə Rusiya arasında da yetərincə ciddi fikir ayrılıqları və mübahisəli məsələlər var. Amma Çin öz maraqlarına əsasən, özünə sərfəli formada Rusiyanı dəstəkləməyə cəhd edəcək və əslində buna məcburdur . Ən azı bilir ki, Qərbin daha ciddi rəqibi və hədəfləri arasında liderlik Çinə məxsusdur. Yəni nəzəri olaraq Rusiyadan sonrakı hədəf məhz Çin olacaq.

Təəssüf ki, bütün bu olanlar ən azı öncə ciddi və ağır fəsadlarla nəticələnən qutbləşməyə, sonrakı etapda üçüncü dünya müharibəsinə aparır. Baydenin dünənki müsahibəsində “Rusiyanın etdiklərinə qarşı iki seçimdən biri sanksiyalar, o biri üçüncü dünya müharibəsi idi” deməsi bu gerçəyin təkrar etirafı idi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*