“Tezliklə hamı yazıçı olacaq”backend

"Tezliklə hamı yazıçı olacaq"

ABŞ-li təqaüdçü Bill Cons ChatGPT-nin köməyi ilə hazırladığı artıq 445 kitabı Amazon platformasında nəşr etdirib. Hazırda 70 yaşlı müəllif bu kitablardan hər ay minlərlə dollar gəlir əldə edir. Bu barədə The New York Times yazır.

KONKRET.az xəbər verir ki, Bill Cons Merilend ştatında, Çesapik körfəzi sahilində yaşayır. O, 2024-cü ildə kibertəhlükəsizlik və nüvə energetikası üzrə məsləhətçi kimi fəaliyyətini başa vurduqdan sonra süni intellekti öyrənməyə qərar verib.

Onun sözlərinə görə:

“Demək olar ki, bütün tanışlarım kitab yazmaq istədiklərini deyirlər. Səhifə-səhifə, abzas-abzas oturub yazmaq romantik görünür. Amma iqtisadi baxımdan bunun mənası yoxdur.”

İlk kitabını ChatGPT vasitəsilə hazırlamaq üçün iki həftə vaxt və təxminən 20 dollar xərcləyib. 2025-ci ilin martında çap olunan 651 səhifəlik ilk kitab hakerliyin tarixinə həsr olunmuşdu.

Bundan sonra o, idmançılar, körpülər, spirtli içkilər, nüvə energetikası, kibertəhlükəsizlik və Çesapik körfəzinin tarixi haqqında kitablar nəşr etməyə başlayıb.

Hazırda Bill Cons həftədə 10 kitab çap etdirməyə çalışır. Daha çox yox. Çünki Amazon-un qaydalarına görə, bir müəllif eyni formatda həftədə maksimum 10 yeni kitab dərc edə bilər.

Yeni kitab hazırlayarkən o, mövzu üzrə mənbələr və keçidlər toplayır, onları ChatGPT-yə yükləyir və süni intellektdən kitabı fəsil-fəsil yazmasını xahiş edir.

Onun sözlərinə görə, çox böyük mətn hissələri yaradılarkən model mövzudan uzaqlaşmağa və uydurma faktlar əlavə etməyə başlayır.

Adətən onun kitabları 10–15 fəsildən və təxminən 300 səhifədən ibarət olur. Bütün kitabların üz qabığında isə eyni – süni intellekt tərəfindən yaradılmış, işgüzar kostyumlu müəllif portreti yerləşdirilir.

Bill Cons hər kitabının çap variantını da sifariş edir və onları evindəki dörd fırlanan kitab rəfində saxlayır.

Onun fikrincə:

“Kağız nüsxə vacibdir. Çünki Üçüncü Dünya Müharibəsindən sonra rəqəmsal kitabları oxumaq mümkün olmayacaq.”

Hər ay onun kitablarından bir neçə yüz nüsxə satılır. Hər satılan kitabdan təxminən 7 dollar xalis gəlir əldə edir. 2025-ci ilin Milad mövsümündə 821 kitab sataraq təxminən 6000 dollar qazanıb.

Özü bu gəliri zarafatla “bar pulu” adlandırır. Deyir ki, həftənin altı-yeddi günü gündə 8–12 saat işləyir və öz adı ilə yayımlanan bütün kitablara şəxsən cavabdehdir.

Bill Consun hekayəsi The New York Times jurnalisti Kaşmir Hillin araşdırmasının bir hissəsinə çevrilib. Jurnalist təsadüfən Amazon-da 26,99 dollara satılan, özünün icazəsiz hazırlanmış bioqrafiyasını aşkar edib.

2025-ci ilin avqustunda nəşr olunan 90 səhifəlik “Kaşmir Hillin bioqrafiyası” adlı kitabda jurnalist haqqında açıq məlumatlar süni intellektin uydurmaları ilə qarışdırılmışdı.

Məsələn, kitabda Hillin guya mürəkkəb qəhvə hazırlama mərasimi olduğu yazılmışdı. Halbuki jurnalistin sözlərinə görə, onların ailəsində qəhvəni əri hazırlayır.

Kitabın müəllifi kimi özünü “təcrübəli bioqraf və mədəniyyət analitiki” adlandıran Con Kreyn Miller göstərilmişdi. Lakin onun şəkli adi stok foto idi. Cəmi bir həftə ərzində həmin ad altında The New York Times jurnalisti Mayk Ayzek, The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberq və CNN aparıcısı Ceyk Tapper də daxil olmaqla ən azı on jurnalistin bioqrafiyası nəşr olunmuşdu.

Kaşmir Hill kitabın altında müəllifdən onunla əlaqə saxlamasını xahiş edən rəy yazsa da, cavab ala bilməyib. Bir müddət sonra həmin bioqrafiya və digər kitablar Amazon-dan silinib. “Con Kreyn Miller” adının arxasında kimin dayandığını müəyyən etmək mümkün olmayıb.

Bill Consun isə Hill haqqında yazılmış həmin kitabla heç bir əlaqəsi olmayıb. Jurnalist ona yalnız süni intellekt vasitəsilə kütləvi kitab istehsal etdiyini açıq şəkildə etiraf edən azsaylı real müəlliflərdən biri kimi müraciət edib.

Hillin 90 səhifəlik bioqrafiyasını görəndə Bill Cons belə deyib:

“Burada o qədər də çox məzmun yoxdur. Mən belə bir kitabı günortaya qədər hazırlaya bilərdim.”

Amazon süni intellekt vasitəsilə yaradılmış kitabların satışına icazə verir.

Nəşriyyat və ya müəllif süni intellektdən istifadə etdiyini platformaya bildirməlidir. Lakin bu məlumat alıcılara göstərilmir.

Platforma oxucuları çaşdıran və ya “qənaətbəxş istifadəçi təcrübəsi yaratmayan” kitabları silmək hüququnu özündə saxlayır.

ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun araşdırmasına görə, ChatGPT istifadəyə verildikdən sonra Amazon-da nəşr olunan yeni kitabların sayı təxminən üç dəfə artıb.

2022-ci ildə ayda təxminən 100 min elektron kitab nəşr olunurdusa, 2025-ci ilin sonuna doğru bu rəqəm 300 mindən çox olub.

Araşdırma göstərib ki, süni intellekt ən çox gözlənildiyi kimi sevgi romanlarına deyil, sənədli və qeyri-bədii ədəbiyyata təsir edib. AI vasitəsilə yazılmış kitablar orta hesabla oxuculardan daha aşağı qiymət alsalar da, əsas məsələ bu deyil.

Amazon isə öz statistikasının nəşrlərin üçqat artmasını təsdiqləmədiyini bildirib, lakin konkret rəqəmləri açıqlamaqdan imtina edib.

ABŞ Müəlliflər Gildiyası Amazon-dan süni intellektlə yazılmış kitabların açıq şəkildə işarələnməsini tələb edir ki, alıcılar onları insanlar tərəfindən yazılmış əsərlərdən ayıra bilsinlər.

Görünən odur ki, süni intellekt dövründə yazıçı olmaq əvvəlkindən qat-qat əlçatan hala gəlir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*