Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyində Türkiyənin “Demirören” Holdinqinin nümayəndə heyəti ilə görüş keçirilib.
İqtisadiyyat Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, görüşdə Holdinqlə əməkdaşlığın genişləndirilməsi, həmçinin əczaçılıq sahəsində imzalanacaq Anlaşma Memorandumu ilə bağlı müzakirə aparılıb.
Sonra İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Demirören” Holdinqin İdarə Heyətinin sədri Yıldırım Demirören imzalayıblar. Memorandumda Azərbaycanda birgə müəssisə yaratmaqla əczaçılıq məhsullarının istehsalı və satışının təşkili nəzərdə tutulur. Müəssisənin tikintisi üçün Pirallahı Sənaye Parkında müvafiq ərazinin ayrılması, Azərbaycan İnvestisiya Şirkətinin layihədə iştirakı və ən azı, 150 nəfəri yerli olmaqla yeni iş yerlərinin açılması planlaşdırılır.
Memoranduma uyğun olaraq, “Demirören” Holdinq layihəyə 40 mln. ABŞ dollarınadək investisiya yatıracaq, istehsal prosesi ixtisaslı aparıcı şirkətlərin müvafiq lisenziyaları əsasında GMP standartlarına uyğun təşkil ediləcək.
Anlaşmada, həmçinin bilik və təcrübələrin mübadiləsi, yerli universitetlərdə araşdırma və tədqiqat proqramlarının hazırlanması, sənayenin əlaqədar sahələrinin inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.




