Türkiyədə korrupsiya və tender pozuntuları ilə bağlı aparılan istintaq çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.
KONKRET.az xəbər verir ki, əməliyyat zamanı İzmit meri Fatma Kaplan da daxil olmaqla ümumilikdə 31 nəfər saxlanılıb.
Məlumata görə, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma zamanı şübhəlilərin ifadələri, “fəal peşmançılıq” müddəalarından yararlanan şəxslərin açıqlamaları və gizli şahidlərin məlumatları əsasında İzmit Bələdiyyəsinin keçirdiyi bir sıra tenderlər araşdırılıb.
İstintaq materiallarında bəzi tenderlərin keçirilməsi zamanı qanun pozuntularına yol verildiyi, tenderlərdə qalib gələn və iştirak edən şirkətlərin nümayəndələri ilə bələdiyyə rəsmiləri arasında qohumluq əlaqələrinin olduğu, podratçı şirkətlərdən komissiya adı altında pul alındığı iddia edilir.
Bundan başqa, mer Fatma Kaplanın həyat yoldaşı Murat Hürriyetin tender proseslərinə, işə qəbul məsələlərinə və ştat cədvəlinin formalaşdırılmasına birbaşa təsir göstərdiyi də istintaq materiallarında yer alıb.
Toplanan sübutlar əsasında İstanbul Baş Prokurorluğunun göstərişi ilə İzmit, İstanbul, Ankara, Antalya və Kırıkkaledə eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat çərçivəsində 31 nəfərin “cinayət törətmək məqsədilə təşkilat yaratma”, “rüşvət alma” və “tenderin keçirilməsinə mane olma” ittihamları ilə saxlanılması barədə qərar verilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
