Türkiyədə müalicə alan qazilərimiz niyə geri qaytarılır? – “YAŞAT” Fondundan AÇIQLAMAbackend

Türkiyədə müalicə alan qazilərimiz niyə geri qaytarılır? - “YAŞAT” Fondundan AÇIQLAMA

Türkiyədə müalicə alan bir qrup Vətən müharibəsi qazisi “YAŞAT” Fondundan şikayətçidir. Saytımıza daxil olan şikayətdə Birinci qrup əlilliyi olan qazilər indiyədək “YAŞAT” Fondunun hesabına Türkiyədə müalicə aldıqlarını bildiriblər. Lakin hazırda Fondun müalicəni yarımçıq saxlayaraq onları Azərbaycana geri qaytarmaq istədiyini deyiblər. Buna səbəb kimi “YAŞAT” fondunun hesabında lazımı vəsaitin olmadığı göstərilib.  Türkiyənin Bursa şəhərində müalicə alan qazilər mövcud vəziyyətdən narazı olduqlarını və ölkə başçısına müraciət edəcəklərini bildiriblər.

KONKRET.az məsələ ilə bağlı “YAŞAT” Fonduna sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, “YAŞAT” Fondunun əməkdaşları tərəfindən bilavasitə ziyarət olunmaqla, eləcə də www.yashat.gov.az rəsmi internet saytı üzərindən və 8110 Çağrı mərkəzi vasitəsilə bugünədək 15 008 şəxsin (8 707 şəhid ailə üzvünün və 6 301 yaralının) Fondun fəaliyyət istiqamətləri üzrə 33 437 müraciəti qəbul edilərək təmin olunub. Bunun üçün Fondun büdcəsindən 74 239 643.51 AZN vəsait təyinatı üzrə xərclənib. Hazırda isə 3 541 müraciət icra üçün öhdəlikdədir və 2 442 608.49 AZN qalıq vəsait mövcuddur.

Qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən 2021-ci ilin fevral ayından etibarən müalicə məqsədilə 178 qazimiz Türkiyə Respublikasına göndərilib. Onlardan 163-ü xaricdəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Hazırda Türkiyə Respublikasında müalicə alan 15 nəfər müharibə əlili var və onların müalicəsi üçün Fondun büdcəsindən 5 271 723.64 AZN vəsait xərclənib. Türkiyəyə göndərilən hər bir qazinin müalicəsi ilə bağlı rəy mütəxəssislər tərəfindən verilir. İcra olunmalı əməliyyatların və ya müalicə prosesinin ölkəmizdə keçirilməsi mümkün olmadıqda Türkiyə təcrübəsindən bəhrələnilir. Ölkə xaricində müalicə həkim rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının necə olacağı da yenə mütəxəssislərin rəyinə uyğun şəkildə həyata keçirilir. Ağır yaralıların səhhəti kritik vəziyyətdən stabilə gətirildikdən, müsbətə doğru irəliləyiş müşahidə edildiyindən və müalicənin Azərbaycanda davam etdirilməsinin mümkünlüyü təsdiqləndikdən sonra onların mərhələli şəkildə ölkəyə gətirilməsi həyata keçirilir. Hər bir yaralının müalicə müddətini və reabilitasiya prosesini mütəxəssislər təyin edirlər. Onların müalicəsi fərdi olaraq həyata keçirildiyindən qazilərin geri dönüş tarixləri də müalicə prosesinə uyğun reallaşdırılır. Qazilərin səhhətinin daha yaxşı vəziyyətə gətirilməsi üçün mümkün olan bütün tədbirlər görülür və həkimlərin də bildirdiyinə əsasən reallıq ondadır ki, ağır yaralanmış qazilərimizin bəzilərinin müharibədən əvvəlki vəziyyətlərinə qaytarılması mümkün deyil.

“YAŞAT” Fondundan şikayət edən qazilərlə bağlı o da bildirilib ki, sözügedən 11 nəfərin müalicəsi artıq 2 ildir Türkiyədə aparılır: “Onların müalicəsinin ölkə daxilində davam etdirilməsinin mümkünlüyü barədə həkim rəyinin 2022-ci ilin aprel ayından verilməsinə baxmayaraq Fonda müraciətləri əsasında həmin müddət bir qədər uzadılıb. Fonda edilən müraciətlər ehtiyacların prioritetliyi nəzərə alınmaqla, növbəlilik prinsipi ilə sıralanır. Fondun vəsaiti isə könüllü ianələr əsasında formalaşdırılır. Hazırda edilən müraciətlər ianələrin azalması səbəbi ilə Fondun büdcəsinə uyğun təmin edilir. Ümumilikdə qazilərin və şəhid ailə üzvlərinin Türkiyə Respublikasında müalicələrinin aparılması üçün Fondun büdcəsindən 18 235 114.41 AZN vəsait xərclənib. Əlavə olaraq bildiririk ki, müalicə prosesində qazilərimizlə birlikdə 1 nəfər ailə üzvü də Fond tərəfindən bütün xərcləri ödənilməklə Türkiyəyə göndərilir. Ailə üzvlərinin bu prosesə cəlb olunması mümkün olmadıqda onlara bir nəfər baxıcı təhkim olunur.  2 ildən artıq müddətdir ki, qazilər ölkə xaricinə göndərilir və bu müddətdə onların digər ailə üzvləri – həyat yoldaşları, valideynləri, övladları ilə də mütəmadi görüşlər təşkil olunur. Eyni zamanda həmin qazilərimiz Türkiyədə təşkil olunan rəsmi tədbirlərə xüsusi qonaq qismində dəvət olunurlar, bayramlarda, xüsusi günlərdə onlar üçün təşkil olunan ziyafətlərə qatılırlar. “YAŞAT” Fondu qazilərimizin müalicəsinin bütün maliyyə xərclərini qarşılayır. Bura təyyarə bileti, xəstəxana xərcləri, qarşılanma, yemək və hotel, nəqliyyat daxil olmaqla yarana biləcək bütün xərclər maliyyə hesabatlarında əks olunub. Bütün bu xərclərdən başqa, yarana biləcək hər hansı əlavə istəkləri üçün hər ay 200 dollar xərclik qazilərimizə təqdim olunub. Qazilərimiz tibbdən əlavə Fondun digər – məişət şəraitinin yaxşılaşdırılması, təhsil xərclərinin və borc öhdəliklərinin qarşılanması istiqamətlərində müraciətləri də təmin edilib”.

“Fondun təşəbbüsü ilə 2022-ci il 13 yanvar – 16 yanvar tarixində Türkiyə Respublikasında (İstanbul, Bursa və İzmit şəhərlərində) müalicə alan 28 ağır yaralının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə komissiya təşkil olunub. Onlardan 25-nin qiymətləndirilmə nəticəsində müəyyən edilmiş meyarlara müvafiq olaraq əlillik dərəcəsi təyin edilib, 3-ü isə qeyd edilən meyarlarla əlillik dərəcəsinin təyinatından imtina edib. Komissiya üzvlərinin tərkibinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iki əməkdaşı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iki əməkdaşı daxil olub. 2022-ci ilin 11 -14 mart tarixində Fondun təşkilatçılığı ilə TƏBİB-in cərrah, neyrocərrah və travmatoloqdan ibarət həkim briqadası Türkiyədəki qazilərimizin müalicələrinin gedişatı ilə tanış olub. 2022-ci il 20 may tarixində Fondun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə Türkiyə Respublikasında müalicəsi davam edən şəxslərlə video formatda görüş keçirilib. Görüşdə onların ölkəyə geri qayıdan zaman reabilitasiya prosesinin harada və necə davam etdirəcəkləri barədə məlumatlar verilib. Müalicə üçün seçilən xəstəxanalar öncədən araşdırılır, danışıqlar aparılır, xəsarət və xəstəlik bildirilir, həmin istiqamət üzrə ixtisaslaşmış klinika, sağlamlıq mərkəzləri və hospitallar həssaslıqla seçilir. Türkiyəyə müalicəyə göndərilməzdən öncə olduğu kimi, ölkəyə qayıtdıqdan sonra da “YAŞAT” Fondu əlaqəli qurumlarla birlikdə onların müalicə prosesini diqqətdə saxlayır. Artıq həkim rəyləri, ölkədə reabilitasiya mərkəzlərinin mövcudluğu nəzərə alınaraq müvafiq ölkədə 2 ildir müalicə alan qazilərin ölkəyə geri dönüşü ilə bağlı tədbirlər görülür. Aidiyyəti dövlət qurumları onlar ölkəyə qayıtdıqdan sonra müalicələrinin ölkəmizdə davamını təmin edəcək”, – deyə “YAŞAT” Fondunun açıqlamasında qeyd olunub.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*