Ukrayna İlon Maskdan icazə istədi – Rusiyanın 200 kilometr dərinliyinə yeni formatda hücumlar gözlənilirbackend

Ukrayna İlon Maskdan icazə istədi - Rusiyanın 200 kilometr dərinliyinə yeni formatda hücumlar gözlənilir

Kiyev Rusiyanın 200 kilometrədək dərinliyində ballistik raketlərin buraxılışı üçün istifadə olunan infrastruktura zərbələr endirmək məqsədilə “Starlink” sistemi ilə təchiz olunmuş dronlardan istifadə etmək üçün İlon Maskın razılığını almağa çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb. İcazə veriləcəyi təqdirdə, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində altı vilayət mərkəzi mümkün zərbə zonasına düşə bilər.

Qəzetin görüşdə iştirak edən həmsöhbətlərinin sözlərinə görə, Volodimir Zelenski iyul ayında Ağ Evdə keçirilən görüş zamanı Donald Trampdan Maskla bu məsələ barədə danışmasını istəyib. Nəşr yazır ki, Kiyevdə dronların buraxılış məsafəsinin 200 kilometrlə məhdudlaşdırılmasının Maskı razılıq verməyə sövq edə biləcəyini düşünürdülər.

Lakin görüşdə iştirak edən mənbələrin sözlərinə görə, Tramp dərhal birmənalı cavab verməyib. Qəzetin həmsöhbətləri hesab edirlər ki, ABŞ prezidenti bu planı dəstəkləməyib və Mask da Kiyevə razılıq verməyəcək.

Ukraynanın keçmiş müdafiə naziri, Maskla birbaşa əlaqəsi olan Mixail Fedorovun vəzifədən azad edilməsi də maneə yarada bilər. Məhz Fedorovun müraciətindən sonra Mask Rusiya hərbçilərinin Starlinkdən istifadəsini bloklamışdı. Ukrayna hərbçiləri və rəsmilərinin sözlərinə görə, bu qərar Rusiya hücumlarına qısa müddətdə təsir göstərib.

Rusiya ilə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədindən 200 kilometrlik zonaya Bryansk, Kursk, Belqorod, Voronej, Rostov-na-Donu və Krasnodar da daxil olmaqla iri Rusiya şəhərləri düşür.

Kiyev “Starlink”lə təchiz olunmuş dronlardan istifadəyə razılıq almaqla Ukraynada Patriot raketlərinin çatışmazlığı səbəbindən yaranmış problemi həll etməyə çalışır. Patriot Ukrayna hərbçilərinə ballistik raketləri effektiv şəkildə vurmağa imkan verən yeganə sistem kimi göstərilir. Hərbi analitik Frans-Ştefan Qadi qəzetə bildirib ki, Ukrayna daha fəal müdafiə strategiyasına keçə və raket buraxılış qurğularının, idarəetmə sistemlərinin, maddi-texniki təminat vasitələrinin və raket hücumlarını təmin edən digər obyektlərin məhv edilməsinə yönələ bilər.

Qəzet yazır ki, Starlink-dən istifadə edən pilotsuz uçuş aparatları daha uzaq məsafədə operatorlarla daha etibarlı rabitə saxlamaq üçün peyklərdən istifadə edir. Bundan əlavə, onlar radioelektron maneələrə qarşı daha az həssasdır. Qadinin sözlərinə görə, belə dronlar raket buraxılış qurğularının axtarışında “çox faydalı ola bilər”.

Qeyd edək ki, Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün “Starlink”dən istifadə etmək istəməsi barədə ilk dəfə iyulun sonunda The Atlantic məlumat yayıb. Avqustun əvvəlində artıq müdafiə naziri olmayan Fedorov bloqer Sergey Sternenko ilə podkastda bildirib ki, Rusiya ərazisinin dərinliklərində Starlinkdən istifadə məsələsi ilə bağlı Maskla danışıqları davam etdirir. Lakin Kiyevin istədiyi nəticəyə nail olmağı çətin vəzifə adlandırıb.

Yeri gəlmişkən, “Patriot” raketlərinin çatışmazlığı Ukraynanı Rusiya tərəfindən atılan ballistik raketlər qarşısında demək olar ki, müdafiəsiz vəziyyətdə qoyub. Bu fonda Ukrayna hətta Rusiyanın atdığı raketlərin sayı ilə bağlı məlumatları dərc etməyi dayandırıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*