Ruslar ölən dənizçiləri deyil, gəmidə qalan nüvə başlıqlı raketləri arxtarır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Cənub Qüvvələri Komandanlığı məlumat yayıb:
“Əlimizdəki kəşfiyyat məlumatlarına görə, “Moskva” kreyseri Ukrayna müharibəsinə göndərilməmişdən əvvəl gəmidə olan 16 yeni nəsil “Vulkan” qanadlı raketin bir neçəsinə taktiki nüvə başlıqları yerləşdirilib. Gəmi batarkən adi partlayışlardan zədələnməyən başlar indi Qara dənizin dibindədir. Ruslar nüvə silahı reallığının üzə çıxmaması üçün bu başlıqları mümkün qədər tez bir zamanda dənizin altından çıxarmağa çalışır”.
Digər tərəfdən Qərb kəşfiyyat xidmətləri Rusiyanın batmış gəmi ilə bağlı sualtı araşdırmalarını bir neçə səbəblə əlaqələndirir. Rusiya batan gəmidəki şifrəli rabitə vasitələrinin xarici ölkələrin əlinə keçməsini istəmir. Həmçinin partlamamış raketlərin çıxarılması da nəzərdə tutulub.
Qeyd edək ki, Rus donanmasına aid 8 döyüş və xilasetmə gəmisi kreyserin batdığı bölgədə sualtı tədqiqatlara başlayıb. Rusiyanın bölgəyə göndərdiyi qəza xilasetmə gəmilər arasında dünyanın ən qədim aktiv gəmisi olan Çar Rusiyası dövründən qalma “Kommuna” da var.
Digər tərəfdən Kiyev rəhbərliyi Ukraynanın iqtisadi maraq bölgəsində batmış “Moskva” kreyserinin qalıqlarını milli tarixi sərvət kimi elan edib. YUNESKO vasitəsilə Moskvaya çatdırılıb ki, Rusiya Ukrayna administrasiyasının icazəsi olmadan dağıntılar altında iş apara bilməz. Bildirilib ki, dibdə aparılan bütün işlər Kiyev tərəfindən qeyri-qanuni hesab olunacaq.
Xatırladaq ki, Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan “Moskva” kreyserinin batmasının sirri açılmayıb. Ukrayna tərəfi gəminin aprelin 14-də iki “Neptun” raketi ilə vurularaq batırıldığını iddia edib. Rusiya Müdafiə Nazirliyi isə raket hücumunu qəbul etməyib və fırtına zamanı baş verən yanğında sursatların partlaması nəticəsində gəmiyə böyük ziyan dəydiyini və ertəsi gün, kəndirlərlə “Sevastopol” limanına çəkmək istəyərkən su götürərək batdığını bildirib.
İqbal Rzayev,
KONKRET.az
