Ukrayna ilə müharibədə istədiyi nəticəni əldə edə bilməyən və bu azmış kimi Qərbin ciddi sanksiyaları ilə üzləşən Putin Rusiya ordusuna nüvə qüvvələrini “xüsusi hazırlıq” vəziyyətinə gətirməyi əmr edib. Rusiya prezidentinin bu açıqlamasından sonra, hər kəsi Putinin nə qədər uzağa gedə biləcəyi düşündürür.
Bəs görəsən Kreml rəhbərinin nüvə silahı istifadə etməklə bağlı fikirləri nə dərəcədə realdır? Putin bununla qorxu yaratmağa çalışır, yoxsa həqiqətən nüvə silahından istifadə edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərovun fikrincə Ukraynaya açıq şəkildə müdaxilə edən bir şəxsdən hər şey gözləmək mümkündür: “Putinin nüvə silahından istifadə etməyəcəyini desək, bu, birmənalı fikir olar. Ancaq belə bir hal baş verərsə, dünya seyrçi qalmayacaq. Yəqin ki, NATO-nun xəbərdarlığı Rusiyaya çatıb. Onlar artıq bilirlər ki, bu məsələdə NATO və digər dövlətlər seyrçi mövqe sərgiləməyəcəklər. Yəqin ki, bəzi preventiv addımlar atılacaq. Bu gün Rusiya çox ağır bir durumla üz-üzədir. Sonluğun necə olacağını yəqin ki, bir-iki günə görəcəyik. Nüvə silahı oyuncaq deyil ki, hər istəyəndə götürüb istifadə etmək olsun. Hər halda Putin başa düşür ki, nüvə silahından istifadə onun özünə qəsdə bərabər bir addım ola bilər. Bu imkanı dünya dövlətləri ona tanımayacaqlar”.

Üzeyir Cəfərovun sözlərinə görə, NATO rəhbərliyi nüvə silahının adının çəkilməsinin belə qadağan olduğunu Putinə xatırladacaq: “Rusiyaya qarşı heç bir təhlükə yoxdur. Putin Ukrayna ərazisində ağılsız döyüş əməliyyatları həyata keçirir. Buna görə dünya əziyyət çəkməməlidir. Fevralın 24-də Putin bu avantüraya başlayanda Rusiya siyasi rəhbərliyi eyforiyaya qapılmışdı. Amma onlar ukraynalıların döyüşkən xalq olduğunu unutdular. Ona görə də, Rusiya öz niyyətinə nail ola bilmədi”.
Hərbi ekspert əlavə edib ki, Putin nüvə silahını işə salsa, Rusiyanın özünə qarşı da, bu, tətbiq olunacaq: “Bu gün Rusiya-Ukrayna danışıqlarına razılıq verilibsə, Belarus prezidenti Zelenski ilə telefon vasitəsi ilə əlaqə qurubsa, o zaman vəziyyətin hansı səviyyədə olduğunu anlamaq çətin deyil. Rusiya fəlakətli bir durumdadır. Ona görə də, nüvə silahını işlədə bilməyəcək. Bu həftə dünyanı şoka salacaq hadisələrin baş verməsi gözləniləndir. Putinin fiziki varlığının mövcudluğu da sual altındadır. Çünki rublun kəskin dəyər itirməsi və iqtisadiyyatın çökməsi Kreml rəhbərinə qarşı daxildəki etirazları artırır. Müharibəyə başlamaq çox ağılsız bir qərar idi. Nəticəsi də göz qabağındadır”.
Müşviq Tofiqoğlu
KONKRET.az
