Universitet yalnız aiditoriyalarda öyrənmək yeri deyil – HESABATbackend

Universitet yalnız aiditoriyalarda öyrənmək yeri deyil - HESABAT

Dekabr ayında ADPU-nun filologiya fakültəsində “Meh” ədəbi dərnəyinin bir illik hesabatına həsr edilmiş möhtəşəm tədbir keçirilib. Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, fakültə dekanları, kafedra müdirləri, fakültənin professor-müəllim və tələbə heyəti, həmçinim BDU-nun Filologiya fakültəsindən, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan, Nizami adına Ədəbiyyat İnstitutundan gələn qonaqlar iştirak ediblər. Giriş sözü ilə tədbiri açıq elan edən Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova əvvəlcə tədbir iştirakçılarını salamlayıb. Sonra “Meh” ədəbi dərnəyinin yaranması və bir illik fəaliyyəti haqqında qısa məruzə ilə çıxış edərək dərnək üzvlərini tədbir iştirakçılarına təqdim edib. Dərnəyin üzvləri bir-birindən maraqlı şeirlər səsləndirib, mahnılar oxuyub, qədim milli musiqi alətimiz sazda el havalarını ifa edib, səhnəciklər nümayiş etdiriblər. Vətənpərvərlik mövzusu tədbirin ana xəttini təşkil edib. Tələbələr İmaməddin Nəsimi, Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşviq, Bəxtiyar Vahabzadə,​ Cabir Novruz, Məmməd Araz, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Mahirə Nağıqızı və başqa tanınmış şairlərin​ ən gözəl nümunələri ilə yanaşı öz yaradıcılıqlarından da şeirlər səsləndiriblər. Gecədə qonaq qismində iştirak edən əməkdar artistlər – Gülüstan Əliyeva, Elnur Zeynalov, gənc müğənnilər Ayşən Mehdiyeva, Gülzar Fərəcova, Səbinə Ərəbli tədbirə xüsusi rəng qatıblar. Maraqlı və rəngarəng keçən tədbirin sonunda çıxış edən ADPU-nun​ rektoru, professor Cəfər Cəfərov ilk olaraq belə gözəl bir tədbirin keçirilməsinə görə Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynovaya, fakültənin tələbələrinə,​ “Meh” ədəbi-bədii dərnəyinin üzvlərinə, həmçinin tədbirin hazırlanmasında iştirakı olan İngilis Dili Mərkəzinin əməkdaşlarına​ təşəkkürünü bildirib.

O bildirib ki, artıq filologiya fakültəsində yeni bir ədəbi dərnək işıq üzü görməkdədir və bu dərnək ilk məclisini yüksək səviyyədə nümayiş etdirdi. Mən inanıram ki, bu gün burada bizim qarşımızda çıxış edən tələbələrimiz hələ bundan sonra bizi çox sevindirəcəklər. Bu bir öyrənmək məqamıdır, Universitet yalnız aiditoriyalarda öyrənmək yeri deyil, eyni zamanda universitetdə müəllimin davranışından, həyat tərzindən, sözündən, nəsihətindən, yaradılan mühitdən də çox şey öyrənmək olar. Bu gün tələbələrimizin ziyalı kütlə qarşısında çıxış etmək şansı, sanıram, özü bir öyrənməkdir, özü bir məktəbdir. Düşünürəm ki, “Meh” ədəbi dərnəyinin bir illik hesabatında bizim qarşımızda çıxış edən​ tələbələr bu imtahanı uğurla verdilər. Çox həyəcanla dahilərimizin, tanınmış şairlərimizin və öz şeirlərini gözəl ifa etdilər. Göstərdikləri səhnəciklər də ibrətamiz və maraqlı idi. Bütün bunlar universitetimizdə digər dərnəklərin yaranmasına da rəvanc verə biləcək bir işdir. Bu işin başqa fakültələrimizdə də yaradılmasının gözəl nəticələr verəcəyinə əminəm. Azərbaycan Dövlət Pedaqoji Universitetində​ son illər görülən işlər Pedaqoji Universiteti Azərbaycanın döyünən ürəyinə, müasir yeni nəslin yetişməsində rolu ola biləcək bir quruma çevirməkdədir. Bizim qarşıya qoyduğumuz vəzifələrdən biri də budur. Biz bu prosesi uğurla başa çatdırmaq üçün sağlam mühit yaratmalıyıq.

Çünki yaxşı nəslin yetişməsi üçün gözəl mühitin yaradılması əsas şərtlərdən biridir. Bu baxımdan ədəbi-bədii dərnəklərin yaradılması təqdirəlayiqdir. Məhz belə yaradıcı mühitdə tələbələrin istedad və bacarıqları ortaya çıxır. Universitetimizdə Filologiya fakültəsinin gözəl ənənləri olub, burada neçə-neçə​ tanınmış şəxsiyyətlər yetişib. Təqdirəlayiq işləri ilə bu gün də o ənənəni Fakültə dekanı professor Mahirə Hüseynova uğurla davam etdirir. Buna görə də mən filologiya fakültəsinin dekanının bu addımlarını alqışlayıram. İnanıram ki, tədbirdə iştirak edən tələbələrimiz sabah işləyəcəkləri yerlərdə də​ belə gözəl mühit yaradacaqlar. Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq 2019-cu ilin son günlərində çox gözəl bir ədəbi gecə keçirtdik və bir daha bu möhtəşəm tədbirin keçirilməsində əziyyəti olan hər kəsə dərin təşəkkürümü bildirirəm. ADPU-nun rektoru professor Cəfər Cəfərovun yekun çıxışından sonra tədbir​ saz havasının ifası ilə sona yetib.

Aynurə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*