Üzməyi bacaranlar belə suda boğulur – “Əsas səbəb budur ki…”backend

Üzməyi bacaranlar belə suda boğulur - “Əsas səbəb budur ki...”

Dənizdə təkcə üzməyi bacarmayanlar boğulmur, üzgüçülüyü bilənlərin də boğulması mümükündür.

KONKRET.az xəbər verir ki, məhkəmə-tibbi ekspertiza bürosunda ekspert kimi fəaliyyət göstərmiş Sərdar Cəlaloğlu da bunu təsdiqləyir.

O, “Yeni Sabah”a bildirib: “Suda boğulma hallarının iki forması var. Biri sulu boğulma, digəri isə quru boğulma adlanır.

Birinci halda insan üzməyi bacarmır və suya girib çıxdıqca nəfəs aldığı üçün bədən hava ilə bərabər maye də qəbul edir. Həmin vaxt ağciyərlər və mədə su ilə dolur və həmin adam nəfəs ala bilmir. Bu halda boğulma hadisəsi baş verir. Quru boğulma halı isə qıcolma nəticəsində yaranır. Yəni ürəkdə, yuxarı tənəffüs yollarında və ya ətraflarda baş verən qıcıqlanma nəticəsində qıcolma olur və tənəffüsün ağciyərlərə keçməsində problem yaranır. Ekspertiza zamanı quru boğulma hallarında nə mədədə, nə də ağciyərlərdə su tapılır. Sadəcə olaraq boğulmadan baş verən ölüm faktı qeyd olunur”.

S.Cəlaloğlu qeyd edib ki, qıcolmanın əsas səbəblərindən biri suyun temperaturudur:

“İnsanlar dərinliklərə getdikcə suyun temperaturu azalır və soyuq su axınları ilə qarşılaşırlar. Bədən isti temperaturdan ani olaraq soyuq temperatura düşdüyü üçün qəfil qıcolmalar yaranır. Həmin qıcolma ətraflarda baş verəndə insan suya batıb su uda-uda boğulur. Yuxarı tənəffüs yollarında baş verdikdə isə orqanizmə su daxil olmur və quru boğulma halı baş verir.

Belə adamların rəngi göyərir və qanın tərkibi dəyişir. Bu baxımdan suda boğulmaların əsas iki faktoru bunlardır. Sulu boğulma hallarında vəfat edən şəxsin bədənindən su götürülərək onun hansı su hövzəsində boğulduğunu müəyyən etmək olur. Quru boğulmada isə bunu müəyyənləşdirmək çətindir. Çünki həmin şəxsi kənarda da öldürüb suya atmış ola bilərlər. Meyitdə qıcolmanı aşkar etmək çətin olduğundan digər nüanslara diqqət yetirilərək şəxsin hansı şəraitdə vəfat etdiyi müəyyən olunur”.

Ekspert qeyd edib ki, üzməyi bacaran şəxslərin boğulmasının əsas səbəbi qıcolma və panikadır:

“İnsan dənizdə hər hansı yeraltı axına tuş gələ bilər və belə olan halda xilas olmayacağını düşünüb həyəcanlana bilər. Bu halda əsas məsələ sakit olmaqdır. Bəzən düşünürlər ki, ətrafa əl-qol atdıqları halda boğulmadan xilas olacaqlar. Burada əsasən təkan verib yuxarıya doğru üzməyə çalışmaq lazımdır. Digər boğulma hallarında da əsas faktor panikadır. Çırpınma olmasa, xilas olmaq mümkündür. Bu da insanın yanaşmasından asılıdır. Hər insan fərqli olduğu kimi, ölüm halları da fərqlidir. Duzlu suda batmaqla şirin suda batmaq belə fərqlidir.

Tarixdə borş boşqabında boğulmaq kimi faktlar da var. Epilepsiyası olan adam yemək yediyi vaxt özündən gedib və borşun suyu nəfəs yollarına getdiyi üçün ölüb.

Bir sözlə, boğulmanın növləri çoxdur. Ekspertiza belə olan halda təkcə meyiti yarmaqla rəy vermir. Hadisə yeri, baş vermə anı kimi məsələlər də nəzərə alınır. Hər boğulma halında qanın tərkibi fərqli şəkildə dəyişir. Bunların hamısı araşdırılır və buna uyğun rəy verilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*