Vardanyan Paşinyanı devirərək hakimiyyətə gəlmək istəyib – Cinayətkarın yarım qalan PLANLARIbackend

Vardanyan Paşinyanı devirərək hakimiyyətə gəlmək istəyib - Cinayətkarın yarım qalan PLANLARI

Ötən ilin sentyabr ayında Moskvadan Qarabağa gələn erməni milyarder Ruben Vardanyan Azərbaycan ərazisində separatçı fəaliyyətə başladı. Azərbaycanın suveren ərazisində ölkəmizə qarşı düşmənçilik münasibətlərini qızışdıran Vardanyan qondarma rejimin “dövlət naziri” postunu da tutdu. Maddi imkanları hesabına Xankəndidən dünyanın aparıcı informasiya vasitələrinə yol tapan separatçı ünsür hər dəfə Azərbaycanı ittiham edir və Qarabağda erməni dövlətinin yaradıldığını bəyan edirdi. Təbii ki, Vardanyan Ermənistanda hakimiyyətə gəlmək üçün Qarabağ kartından tramplin kimi istifadə edirdi. Amma onun Azərbaycan ərazisində ölkəmiz əleyhinə apardığı kampaniya xüsusi qıcıq yaradırdı. Birgünlük antiterror tədbirlərindən sonra yenə beynəlxalq mətbuata müsahibələr verən Vardanyan bu gün aradan çıxmaq istəyərkən sərhədçilərimiz tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq İlyas Hüseynov bildirib ki, Ruben Vardanyanın saxlanılması Azərbaycanın prinsipiallığının, qətiyyətinin və güclü siyasi iradəsinin nümayişidir: “Sərhədçilərimiz Ruben Vardanyanı saxlayaraq, Bakıya gətirməklə böyük bir missiyanın öhdəsindən gəldilər. Çünki Vardanyan bir il ərzində çirkli pulları ilə Qarabağdan Ermənistanın hakimiyyət olimpinə iddia edirdi. Belə ehtimallar var idi ki, Ruben Vardanyan tezliklə Paşinyanı devirəcək və hakimiyyətə gələcək. Hətta özünü danışıqlarda tərəf kimi təqdim etməyə çalışırdı. Özünü elə göstərirdi ki, sanki Birinci və İkinci Qarabağ müharibələrində iştirak etməyib və “təmiz adam”dır.

Məlumdur ki, o, erməni lobbisi ilə sıx əlaqələri vasitəsilə Qərblə münasibətlər qurur, Rusiya vətəndaşı olması ilə manipulyasiya edir və hər iki qütbün Cənubi Qafqazda maraqlarını təmin etmək naminə fəaliyyət göstərərək Ermənistan liderliyinə can atırdı. Sonra isə birbaşa Rusiya vətəndaşlığından çıxaraq öz planlarını reallaşdırmağa çalışdı. Dünya erməniliyinin Cənubi Qafqazda varlığını sübut etmək üçün çoxsaylı planlar qurdu.

Nəticədə Müzəffər Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə bütün ölkə ərazisində suverenliyini təmin etdi və iqtisadi cinayətkar, adı beynəlxalq cinayətkarlıqda hallanan, çirkli pulların yuyulmasında iştirak edən Ruben Vardanyan bu gün sorğu-sual ediləcək. Vardanyanın aqibəti digər separatçıları da gözləyir. Həmin cinayətkarlar da həbs edilərək ədalət məhkəməsi qarşısına çıxarılacaqlar”.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*