Vergi sistemində inzibati yük azaldılsın – İqtisadi problemlərlə bağlı müzakirələr başladıbackend

Vergi sistemində inzibati yük azaldılsın - İqtisadi problemlərlə bağlı müzakirələr başladı

Vergi sisteminin sahibkarlar və vətəndaşlar üçün daha sadə və şəffaf olması üçün əsas məqsəd vergi ödəyicilərinin üzərinə düşən inzibati yükün azaldılması və mümkün qədər çox prosesin rəqəmsallaşdırılması olmalıdır.

Bunu Milli Məclisin deputatı Azər Badamov KONKRET.az-a açıqlamasında deyib.

Azər Badamov: “Milli Şura kimdir ki, Azərbaycanın dövlət mövqeyini kənara qoyaraq mitinq keçirir?!” Pravda.az

Deputatın sözlərinə görə, ilk növbədə, mikro və kiçik sahibkarlar üçün vergi və hesabat prosedurları sadələşdirilməlidir:

“Bir neçə ayrı hesabat əvəzinə vahid hesabat mexanizminin tətbiqi, eyni məlumatların təkrar tələb edilməməsi və dövlət qurumlarında mövcud olan məlumatların avtomatik şəkildə sistemə inteqrasiyası mühüm addım olardı”.

Azər Badamov ikinci mühüm istiqamətin əvvəlcədən doldurulmuş bəyannamələrin tətbiqi olduğunu bildirib. Onun sözlərinə görə, bank, kassa və elektron qaimə məlumatları sistem tərəfindən avtomatik toplanaraq sahibkara hazır formada təqdim edilə bilər:

“Sahibkar sadəcə məlumatları yoxlayıb təsdiqləyər. Bu, həm vaxt itkisinin, həm də texniki səhvlərin əhəmiyyətli dərəcədə azalmasına imkan verər”.

Deputat üçüncü istiqamət kimi rəqəmsal xidmətlərin daha əlçatan edilməsinin vacibliyini vurğulayıb:

“Vahid vergi kabinetində sahibkar öz borcunu, qarşıdakı ödənişləri, hesabat tarixlərini və bütün vergi öhdəliklərini bir ekranda görə bilməlidir. Sistem həmçinin son tarixlər barədə əvvəlcədən xəbərdarlıq etməli və mümkün səhvləri avtomatik şəkildə göstərməlidir”.

Deputat qeyd edib ki, rəqəmsal xidmətlər müasir iqtisadiyyatın əsas tələblərindən birinə çevrilir:

“Bu, xidmətlərdə həm şəffaflıq yaradır, həm sahibkarlar üçün rahatlıq gətirir, həm də proseslərin daha çevik həyata keçirilməsinə imkan verir. Bu baxımdan, digər sahələrdə olduğu kimi, vergi xidmətləri sistemində də rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində davamlı addımların atıldığını hesab edirəm. Təkmilləşmə rəqəmsallaşma üzərində qurulmalı, xidmətlər daha əlçatan və çevik olmalıdır”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*