Sürücülük vəsiqəsindən məhrum olduqdan sonra nəqliyyat vasitəsini idarə etməyə görə cəriməni 60 dollardan 300 dollara artırmağı planlaşdırırlar. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Məclisin iclasında millət vəkili Kanat Musin açıqlama verib.
Məclisin deputatları İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini ikinci oxunuşda qəbul ediblər.
“Deputatların təklifi ilə yol hərəkəti sahəsində müəyyən pozuntulara görə cəzalar sərtləşdirilib. Beləliklə, sürücülük vəsiqəsindən məhrum olan bir şəxs yenidən, amma bu dəfə artıq vəsiqəsiz avtomobil idarə etdiyi üçün 300 dollar cərimələnəcək. Əgər vəsiqəsi üstündə olmazsa, cərimə 120 dollar təşkil edəcək, il ərzində ikinci dəfə bu hal baş verərsə, büdcəyə 420 dollar ödəməli olacaq. Bu düzəliş Qazaxıstan xalqının yollarda təhlükəsizliyini təmin etmək üçün qəbul edilib”, – deyə millət vəkili məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, qanun həmçinin inzibati qanunvericiliyin təkmilləşdirilməsinə, hüquqi məsuliyyətin humanistləşdirilməsinə, dövlət orqanlarının və məhkəmə orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlib. Deputatlar bəzi qanun pozuntularını inzibati xətalar məcəlləsindən xaric ediblər. Çünki bu mübahisələri vətəndaşları inzibati məsuliyyətə cəlb etmədən məhkəmədə mülki qaydada həll etmək mümkündür. Dəyişikliklər yalnız ölkə prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.