Videobloger Hüseyn Həsənov SİRRİ – Deqradasiyanın fərqindəsinizmi?!backend

Videobloger Hüseyn Həsənov SİRRİ - Deqradasiyanın fərqindəsinizmi?!

Məgər qəhrəmanlarımız Vətənin bu cür “daş”larının mövcud olması naminə döyüşmüşdülər?

Ölkəmizdə gənclərlə məşğul olmaq kimi dövlət vəzifəsi daşıyan qurumlar heç utandılarmı?!

Xalqımızın zəngin adət-ənənələrə və yüksək mənəvi dəyərlərə malik olması barədə hər zaman qürurla danışmışıq. Dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və sair kimi yüzlərlə kamil şəxsiyyət və mənəviyyat dühaları bəxş edən xalqımız müdriklik, nəciblik, mərhəmət, xeyirxahlıq, şəfqət, ən əsası isə toxtamahlıq və sair cəhətləri ilə fərqlənib. Vaxtilə böyüklərimiz hansısa insanın yüksək mənəviyyata sahib olmasından danışarkən “yoluna qızılları səp, baxmadan keçib gedər” ifadəsini misal çəkərdilər. Çünki acgözlüyün və nəfsin bəndələri hansı xəyanətlərə apara biləcəyi yaxşı məlumdur.

Aprelin 17-də “Park Bulvar” ticarət mərkəzində rusiyalı videobloger Hüseyn Həsənovun görüşündə baş verənlər cəmiyyətimizin düşünən təbəqəsini çox böyük xəyal qırıqlığına uğratdı. Rusiyada müxtəlif macəra səciyyəli hərəkətlərilə özünə sosial şəbəkə abunəçiləri qazanan birinin “iphone” paylaması vədinə görə QALİB xalqın gənclərinin izdihamlı şəkildə ticarət mərkəzinə toplanmasını anlamaq qeyri-mümkündür.

Əlbəttə, istisna deyil ki, azərbaycanlı familiyasına malik olması Hüseyn Həsənova şimal ölkəsində hansısa əngəllər törədir və onun haqqında xoşagəlməz xəbərlər qəsdən yayılır. Amma paylaşdığı videolara və ya kliplərə, avtomobil, telefon bəxş etmək adı ilə “İnstagram”da keçirdiyi müsabiqələrə baxanda, onun izləyicilərinə və fanatlarına yazığın gəlir. Vaxtilə böyük pərəstişkarlar ordusu Müslim Maqomayevin mindiyi avtomobili də əllərilə qaldırırdı. Amma o, bənzərsiz, misilsiz istedadına və sənətkarlığına görə bu ordunu qazanmışdı. İnsanlara mənəvi qida verirdi, ruhlarını yüksəklərə qaldırıdı. Onun kimi sənətkarlar Hüseyn Həsənov kimilərinin meydan sulamasına rişxəndlə gülərdilər. Cəmiyyətin deqradasiyasının fərqindəsinizmi?!

Bu yazıq “ifone dilənçiləri”ni görərkən, istər-istəməz, göz qarşısına cəmi iki il öncə Vətən torpaqlarımızı işğaldan azad etmək naminə fədakarlıqla canlarından, qanlarından keçən gənc şəhidlərimiz və qazilərimiz gəlir. Məgər onlar Vətənin bu cür “daş”larının mövcud olması naminə döyüşmüşdülər?

Bu “daş”ların haradan yarandıqlarının mənbəyi də maraqlıdır. Yəqin ki, öyməkdən doymadığımız 340 məktəbin yetirmələridir. Ukraynada baş verənlərin fonunda belə kütlənin ölkəmizdə mövcud olması Vətənin gələcəyini düşünən hər bir insanı əndişələndirməlidir. Amma bunun yolu insanların təfəkküründə və milli şüurunda çevrilişin baş verməsindən keçir. Ölkəmizdə gənclərlə məşğul olmaq kimi dövlət vəzifəsi daşıyan neçə nazirlik, komitə və ya fond var?! Onlar bu duruma baxıb heç utandılarmı?! Əlbəttə ki, yox! Əsas həmin gənclərə eybəcər rəqsləri təlqin edənləri yuxarı başa çıxarmaqdır…

Bu arada Daxili İşlər Nazirliyi məlumat yayıb ki, blogerin izdihamlı görüşü olan obyektlə bağlı araşdırmalar başlanılıb və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək. Amma bunun mənəviyyata tamamilə dəxli yoxdur…

Xatirə SADİQ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*