Xətai icra başçısının köməkçisi bu bələdiyyə sədrləri ilə birləşərək vətəndaşı işdən çıxarıb? – RƏSMİ CAVABbackend

Xətai icra başçısının köməkçisi bu bələdiyyə sədrləri ilə birləşərək vətəndaşı işdən çıxarıb? - RƏSMİ CAVAB

Uzun illər bələdiyyə sistemində çalışan vətəndaş Fəridə Zeynalova əmək hüquqlarının pozulduğunu iddia edir. O bildirir ki, iş yerinin dəyişdirilməsi, maaşının azaldılması və sonda müqavilə müddətinin bitməsi bəhanəsi ilə işdən çıxarılması planlı şəkildə həyata keçirilib.

KONKRET.az-ın redaksiyasına şikayət məktubu ilə müraciət ünvanlayan vətəndaş fəaliyyəti dövründə müxtəlif təzyiqlərlə üzləşdiyini bildirib. 1968-ci il təvəllüdlü F.Zeynalovanın sözlərinə görə, 2000-ci ildən 2026-cı ilə qədər Xətai Rayon Bələdiyyəsinin vergi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2020-ci ildə öz istəyi ilə Yasamal bələdiyyəsinə keçsə də, bir müddət sonra yenidən Xətai Rayon Bələdiyyəsinə dəvət alıb. Bələdiyyə sədri Elşad Vəliyev və şöbə müdiri Həmid Həmidov tərəfindən geri çağırılarkən ona ərazi uçotu və dislokasiya işlərinin aparılması tapşırılıb və o bu işləri layiqincə yerinə yetirib. Lakin 2025-ci ilin may ayında vəziyyət dəyişib. Vətəndaş bildirir ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Anar Mikayılovun göstərişi ilə onu Kənd Əhmədli Bələdiyyəsinə inspektor vəzifəsinə keçirmək istəyiblər. O bu təklifi qəbul etmək istəməsə də, sonradan həmin bələdiyyədə işləməyə məcbur qalıb. Onun iddiasına görə, yeni iş yerində əmək şəraiti ağırlaşdırılıb, əlavə tapşırıqlar verilib və cəmi 390 manat maaş alıb. Halbuki Xətai Bələdiyyəsində daha yüksək əməkhaqqı müqabilində çalışıb. Eyni zamanda Xətai və Kənd Əhmədli bələdiyyələrinin rəhbərləri, eləcə də icra başçısının köməkçisi Anar Mikayılov əlbir olaraq onun işdən çıxarılmasında əsas rol oynayıblar. F.Zeynalova işə bərpa olunmasını və ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün adıçəkilən qurumlarla əlaqə saxlanılıb.

Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev səsləndirilən iddiaları təkzib edərək bildirib ki, F.Zeynalova Xətai bələdiyyəsindən çoxdan işdən çıxıb: “Təxminən bir ildən artıqdır ki, orada işləmirdi, Kənd Əhmədli Bələdiyyəsində çalışırdı. Orada da müqaviləsinin müddəti bitdiyi üçün işdən azad olunub”.

Kənd Əhmədli Bələdiyyəsinin sədri Allahverdi Həsənli isə sorğuya yalnız poçt vasitəsilə göndəriləcəyi təqdirdə cavab veriləcəyini bildirib: “Rəsmi blankda, möhürlü sorğu göndərin. Biz də sizə rəsmi, imzalı cavab təqdim edək”.

Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, bələdiyyələr müstəqil qurumlardır və bu cür əmək mübahisələrinə müdaxilə etmək onların səlahiyyətlərinə daxil deyil: “Bu, hüquqi məsələdir. Vətəndaş məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edə bilər. İcra hakimiyyətinin belə hallarla bağlı göstəriş vermək səlahiyyəti yoxdur.

Başçının köməkçisi Anar Mikayılovun kimisə işdən çıxarmaq səlahiyyəti yoxdur”

P.S. Qeyd edək ki, Azərbaycanda dövlət orqanlarına və bələdiyyələrə müraciət qaydaları əsasən “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlar çərçivəsində tənzimlənir. Bu qanunlara görə, müraciətlər yazılı (poçtla), elektron (email və ya rəsmi platformalar vasitəsilə) və ya şifahi formada edilə bilər.

Dövlət qurumu və ya bələdiyyə elektron müraciət qəbul etmək imkanına malikdirsə, onu əsassız şəkildə niyə rədd etsin axı?!

Praktikada bir çox bələdiyyə və yerli icra hakimiyyəti orqanları hələ də köhnə bürokratik yanaşma ilə yalnız “möhürlü-ştamplı” məktubları rəsmi hesab edir. Bu isə mövcud qanunların ruhuna ziddir. Çünki qanunvericilik müraciətin formasını məhdudlaşdırmır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*