XIV Leo Fransaya səfəri zamanı bu ölkədə katolik ruhanilər tərəfindən seksual zorakılığa məruz qalmış dörd kişi və üç qadınla görüşüb.
KONKRET.az xəbər verir ki, qRoma Papası sentyabrın 27-də zərərçəkənlərin hər biri ilə ayrıca söhbət edib. Vatikanın yaydığı məlumata görə, XIV Leo onların yaşadıqları hadisələri dinləyib və gələcəkdə belə cinayətlərin qarşısının alınması ilə bağlı təkliflərini eşidib.
Papa zərərçəkənlərdən bəziləri ilə bir neçə dəqiqə birlikdə dua edib. Bütün fərdi görüşlər təxminən iki saat davam edib.
Daha sonra XIV Leo bütün zərərçəkənləri bir otaqda toplayaraq görüşə gəldikləri üçün onlara təşəkkür edib. O, möminlər icmasını “bütün yaş qruplarından olan kişi və qadınların təsəlli və şəfa tapa biləcəyi” birliyə çevirmək üçün əməkdaşlığa ümid etdiyini bildirib.
Roma Papası Lurd şəhərinə səfəri çərçivəsində Fransa Katolik Yepiskopları Konfransının üzvləri ilə də görüşüb. O, yepiskoplara son illərdə “ruhanilər tərəfindən yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq kimi ağrılı problemin” həlli istiqamətində gördükləri işlərə görə təşəkkür edib.
“Seçdiyiniz yolla irəliləməyə davam etmək, eyni zamanda maksimum sayıqlığı qorumaq lazımdır”, – deyə XIV Leo bildirib.
XIV Leo sentyabrın 25-dən etibarən Fransada dördgünlük rəsmi səfərdədir. Bu, 2008-ci ilin sentyabrından bəri Roma Papasının Fransaya ilk rəsmi səfəridir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
