Yaxın Şərqdə eskalasiya: Münaqişənin uzanması nə vəd edir?backend

Yaxın Şərqdə eskalasiya: Münaqişənin uzanması nə vəd edir?

ABŞ ilə İran arasında son aylarda yenidən kəskinləşən qarşıdurma Yaxın Şərqdə gərginliyi artırmaqda davam edir. Tərəflər arasında əldə olunan atəşkəsin pozulması, qarşılıqlı sərt bəyanatlar və hərbi aktivliyin artması münaqişənin yaxın aylarda hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları gündəmə gətirib.

Mövcud geosiyasi şərait fonunda qarşıdurmanın ilin sonuna qədər davam etməsi nə dərəcədə real görünür?

KONKRET.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, iyun ayında beynəlxalq vasitəçilərin dəstəyi ilə ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması Vaşinqtonun İrana endirdiyi hava zərbələrindən sonra faktiki qüvvəsini itirib.

Elşən Manafov

“İyun ayında vasitəçilərin dəstəyi ilə tərəflər arasında əldə olunan atəşkəs ABŞ-ın İrana endirdiyi hava zərbələri nəticəsində yenidən pozuldu və qarşıdurmanın əvvəlkindən daha kəskin fazaya keçməsi riski artdı. Tərəflərin qarşılıqlı kompromisə hazır olmaması münaqişənin yenidən alovlanmasının başlıca səbəbidir. Bununla belə, İranın irəli sürdüyü şərtlər onun suveren hüquqlarından irəli gəlir.”

Politoloq ABŞ Prezidenti Donald Trampın İranın Xark adası ilə bağlı səsləndirdiyi fikirlərin də diqqətdən kənarda qalmadığını vurğulayıb.

“Trampın ABŞ-ın İrana məxsus Xark adasını ələ keçirə biləcəyi ilə bağlı bəyanatı Vaşinqtonun işğalçı və neomüstəmləkəçi siyasətinin mahiyyətini ortaya qoyur. İranın neft ixracının təxminən 90 faizi məhz bu ada vasitəsilə həyata keçirilir. Bu əraziyə nəzarət cəhdi İranın iqtisadi və hərbi potensialını zəiflətmək, eyni zamanda dünya neft bazarında ABŞ-ın təsir imkanlarını artırmaq məqsədi daşıyır.”

Ekspert hesab edir ki, qarşıdakı dövrdə hərbi əməliyyatlar əsasən hava zərbələri formatında davam edə bilər.

“İranın növbəti dəfə Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirməsi ərəb dövlətləri ilə münasibətlərdə gərginliyi daha da artıracaq. ABŞ və İsrail hadisələrin məhz bu istiqamətdə inkişafında maraqlıdır. Çin və Rusiya isə diplomatik kanallar vasitəsilə ərəb ölkələrini İrana qarşı açıq mövqe tutmaqdan çəkindirməyə çalışacaqlar. Eyni zamanda eskalasiyanın dərinləşməsi ərəb ölkələrində ABŞ-a olan etimadsızlığı daha da artıracaq.”

Ekspertin fikrincə, ABŞ-ın quru qoşunları ilə İrana müdaxilə ehtimalı isə həm hərbi, həm də siyasi baxımdan Vaşinqton üçün ciddi risklər yaradacaq.

“Belə bir addım regionda logistikanı daha da mürəkkəbləşdirər və ABŞ ordusu üçün böyük insan itkilərinə səbəb ola bilər. Bu isə qarşıdan gələn Konqres seçkiləri ərəfəsində Donald Tramp və Respublikaçılar Partiyasının maraqlarına uyğun deyil. Müharibənin uzanması əlavə maliyyə yükü deməkdir. ABŞ vergiödəyiciləri artıq buna etiraz edirlər. İndiyədək 30 milyard dollardan artıq vəsait xərclənsə də, Ağ Ev qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib. Əksinə, ölkədə inflyasiya və işsizlik artıb, orta təbəqənin gəlirləri azalıb.”

Politoloq hesab edir ki, münaqişənin uzanması beynəlxalq münasibətlər sistemində də yeni geosiyasi düzənin formalaşmasını sürətləndirəcək.

“Hərbi əməliyyatların davam etməsi anti-Qərb koalisiyasının genişlənməsinə, Pekin-Moskva-Tehran xətti üzrə yeni siyasi və hərbi əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq.

Hörmüz boğazı ətrafında gərginliyin artması dünya enerji bazarında böhranı dərinləşdirəcək. Bu isə həm enerji daşıyıcılarının, həm də beynəlxalq yükdaşımaların qiymətlərinin yenidən yüksəlməsinə gətirib çıxara bilər.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*