Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəzi insanlar kondisioner işləyən mühitdə özlərini narahat hiss edir, boğaz ağrısı, burun tutulması, öskürək və hətta soyuqdəymə əlamətləri ilə qarşılaşırlar.
Bəs kondisioner havası niyə hər kəsə eyni cür təsir etmir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, kondisionerin orqanizmə təsiri hər bir insanın sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.
Onun sözlərinə görə, kondisioner havanı soyutmaqla yanaşı, rütubət səviyyəsini də azaldır və nəticədə otaqda daha quru mühit formalaşır:
“Bu vəziyyət xüsusilə xroniki tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən insanlar üçün problem yarada bilər. Astma və allergik xəstəlikləri olan şəxslərdə quru hava narahatlığı artıraraq xəstəliyin əlamətlərini gücləndirəcək.
Əsas risklərdən biri də isti hava ilə sərin mühit arasında yaranan kəskin temperatur fərqidir.
İnsan küçədə yüksək temperaturun təsiri altında qaldıqdan sonra birbaşa çox sərin otağa daxil olduqda orqanizm bu dəyişikliyə dərhal uyğunlaşa bilmir. Bu isə immun sisteminin zəifləməsinə, boğaz ağrısı, əzələ tutulması və soyuqdəymə kimi problemlərin meydana çıxmasına səbəb olur.”
Günay Lətifovanın sözlərinə görə, bu risk yalnız xroniki xəstəliyi olanlara aid deyil.
“Sağlam insanlarda da kondisionerin çox aşağı temperaturda və fasiləsiz işlədilməsi müxtəlif narahatlıqlara yol aça bilər.
Kondisioner sağlamlıq üçün təhlükəli cihaz hesab olunmur. Lakin ondan düzgün istifadə edilmədikdə yay aylarında da qış mövsümünə xas soyuqdəymə halları ilə qarşılaşmaq mümkündür”.
Mütəxəssis insanların otaq temperaturunu normadan artıq aşağı salmamağı, kondisionerin hava axınını birbaşa üzərinə yönəltməməyi və qapalı məkanları vaxtaşırı havalandırmağı tövsiyə edib.
Beləliklə, mütəxəssisin fikrincə, kondisionerin özü deyil, onun düzgün istifadə edilməməsi sağlamlıq üçün risk yaradır. Xüsusilə quru hava və kəskin temperatur fərqləri yay aylarında müxtəlif tənəffüs yolu narahatlıqlarının və soyuqdəymə hallarının artmasına səbəb ola bilər.
Aynurə İsmayıl
KONKRET.az
