Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Yunanıstanın Makedoniya və Frakiyada əyalətlərində xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi qeydə alınıb. Bu səbəbdən də adıçəkilən ölkədən Azərbaycana ət idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Maraqlıdır, müvəqqəti tətbiq olunan bu məhdudiyyət Azərbaycan bazarında ətin bahalaşmasına səbəb olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, tətbiq olunan məhdudiyyətin Azərbaycan bazarına təsiri olmayacaq:
“Tətbiq olunan məhdudiyyətin Azərbaycan bazarına heç bir təsiri olmayacaq, qiymət artımı müşahidə edilməyəcək. Çünki Azərbaycanda idxal olunan xırdabuynuzlu heyvanlar əsasən Gürcüstan, Rusiya, Dağıstan, bir qismi isə İrandan gətirilir. AQTA sadəcə hər ehtimalı nəzərə alaraq tədbir görür”.
Aygün Mirakif,
KONKRET.az