Yuriy Romanenko: “Mən Azərbaycanda olanda şok keçirdim”backend

Yuriy Romanenko: "Mən Azərbaycanda olanda şok keçirdim"

“Azərbaycan hansı məntiqlə hərəkət etdi? Onlar əvvəlcə əlverişli beynəlxalq konstruksiya yaratdılar. Əlverişli beynəlxalq konstruksiya nə deməkdir? Azərbaycan Qərbin transmilli şirkətlərini ölkəyə gətirdi. Bu şirkətlər neftin çıxarılmasında birbaşa iştirak etdi. Bakı-Tbilisi-Ceyhan boru neft kəməri və digər marşrutlar inşa edildi. İqtisadiyyata milyardlarla dollar sərmayə yatırıldı. Artıq bölgəyə ABŞ, Böyük Britaniya və digər Qərb dövlətlərinin böyük holdinqləri gəldi. Əlbəttə ki, bu dövlətlər Azərbaycanda böyük şirkətlərinin maraqlarını qorumalı idi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri ukraynalı jurnalist Yuriy Romanenko bildirib.

O daha sonra fikirlərini belə davam etdirib:

“Deməli, dolayısı ilə Azərbaycanın da maraqları qorunmalı idi. Sonra növbəti mərhələ başladı. Bəs bu mərhələ əsasən nədən ibarət idi? Azərbaycan Ordusunun müasir silahlarla təchiz edilməsi mərhələsi də uğurla icra edildi. Ordu NATO standartları səviyyəsinə qaldırıldı. NATO üzvü olan Türkiyə ilə ordu quruculuğunda mühüm nailiyyətlər əldə edildi.

Xüsusilə İsraillə bu iş ən yüksək səviyyədə davam etdirilir. Bilirsiniz ki, Azərbaycanın İsraillə çox yaxşı, dərin və nümunəvi əlaqələri var. Bu, illərin, zamanın tələbi ilə həyata keçirilib. Bu müddətdə Azərbaycan ATƏT-lə, digər beynəlxalq qurumlarla müddətsiz, nəticəsiz siyasi məsləhətləşmələr, danışıqlar apardı. Mən Minsk prosesini də qeyd etmək istəyirəm. Amma paralel olaraq ordunun gücləndirilməsi prosesi, dediyim kimi, davam etdirildi. Qoşunların təmas xəttində, sərhəd boyu yeni qoşun növləri yaratdı, aerodromlar, xəstəxanalar tikdi. Mən Qarabağda olanda yerli sakinlər mənə deyirdilər ki, hələ o vaxt balaca rayonlarda böyük xəstəxanalar tikiləndə biz başa düşmürdük ki, bu, nəyə görə edilir. Məhz 2020-ci ildə hərbi əməliyyatlar başlayanda həmin xəstəxanalarda xeyli yaralı müalicə olundu.

İlham Əliyev 2020-ci ilə qədər tələsmədi. Başa düşdü ki, onun uzun, lakin qələbəyə aparan yolu var. Ona görə də ilk növbədə əhəmiyyətli strateji yüksəkliklər ələ keçirilməli idi. Hansı ki, ermənilərdə idi və yaxın onlarla kilometr ərazilərdə Azərbaycan hərbi hissələrini nəzarətdə saxlayırdı.

Məhz 2016-cı ilin 4 günü ərzində elə bir müharibə baş verdi ki, nəticədə çox əhəmiyyətli Lələtəpə yüksəkliyi ələ keçirildi. Bu yüksəklik gələcək qələbəyə zəmin yaradırdı. Ancaq ermənilər bu qısamüddətli müharibənin məqsədini başa düşmədi. Məhz həmin hərbi əməliyyatlardan sonra Azərbaycanın böyükmiqyaslı döyüşlərə hazırlaşması işi gizli aparıla bildi. Ermənilər gözləmədiyi yerdən zərbələr almağa başladı. Cəbrayıl istiqamətində Azərbaycan Ordusu sürətlə irəlilədi. Qısa zaman kəsiyində heç kimin gözləmədiyi zamanda Ordu Şuşaya daxil oldu. Erməni hərbi birləşmələri, sözün əsl mənasında, şoka düşdü.

İlham Əliyev dayandı. Onlara yenə şans verdi. Sülh danışıqlarının başlanması üçün İrəvana mesaj ötürdü. Bax, bu idi uzaqgörənlik. Bu uğurlar üçün Azərbaycan 25 il vaxt sərf etdi. Bu müddət imkan verdi ki, Azərbaycan suverenliyini tam bərqərar etsin. Bu formatda, bu tempdə Əliyev geopolitik hədəflərinə çatdı. Məhz onun rəhbərliyi ilə bütün xalq birləşdi, eyni hədəf, eyni məqsədlər naminə bütün potensial güc səfərbər edildi. Ona görə də bu gün İlham Əliyev Azərbaycan tarixinə böyük lider kimi düşdü. Həm də ona görə ki, dövlətin, xalqın qarşısında 100 illərdir duran çox qəliz bir problem həll olundu. Hazırda işğaldan azad olunmuş ərazilərdə böyük tikinti işləri gedir. Məcburi köçkünlər yurdlarına qayıdır.

Mən özüm Ağdamda oldum. Burada çox böyük layihələr həyata keçirilir, texnoparklar tikilir. Mən bildiyimə görə, hələ əvvəldən dövlətdə belə layihələr hazırlanmışdı. Sadəcə torpaqlar işğaldan azad edildikdən sonra dərhal icra olunmağa başladı. Çünki aeroportlar, texnopark və digər layihələr artıq hazır idi. Füzuli aeroportunda olanda qısa zaman ərzində necə möhtəşəm infrastruktur qurulduğunun şahidi oldum. Mən bunları görəndə şok keçirdim”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*