Yusif Bağırzadə: “Bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir”backend

Yusif Bağırzadə: "Bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir"

“COVID-19 kifayət qədər ciddi virusdur. Mən bu xəstəliyi keçirmiş bir insan kimi bunu deyirəm və bu xəstəlik səbəbindən biz bir çox vətəndaşlarımızı da itirdik”.

KONKRET.az-ın məlumatına görə, bunu sabiq deputat, politoloq Yusif Bağırzadə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin pandemiya dövründə nəvəsinə toy mərasimi təşkil etməsinə münasibət bildirərkən deyib.

Bağırzadə qeyd edib ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva pandemiyanın Azərbaycana təsirlərini azaltmaq üçün həm tibbi, həm də iqtisadi nöqteyi nəzərdən mütərəqqi addımlar atıblar: “Yəni, bu virusun Azərbaycanda geniş vüsət almaması üçün əlindən gələni edib. Ancaq təəssüflər olsun ki, bu gün bəzi insanlar, ictimai siyasi xadimlər, məmurlar sadə vətəndaşlara örnək olmaqdansa, hökumətin qəbul etdiyi qərarlara saymazyana yanaşırlar və kütləvi tədbirlər, toy mərasimləri təşkil edirlər”.

Sabiq deputat qeyd edib ki, uzun illər Prezident Administrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyevin nəvəsinin toyu da bu baxımdan cəmiyyət tərəfindən haqlı olaraq qınaq obyektinə çevrildi: “Nazirlər Kabineti kütləvi tədbirlərin, toy və yas mərasimlərinin təşkilini qadağan etdiyi dövrdə belə bir tədbirin keçirilməsi Azərbaycan hökumətinin qərarlarına zidd hərəkətdir. Onun həm özü, həm kürəkəni, həm də oradakı ictimai-siyasi xadimlərin bu addımı ictimai təhlükəli vəziyyət yaradır. Əgər orda iştirak edənlərdən 1 nəfər olsa belə COVID-19 virusunun daşıyıcısıdırsa, düşünün, indi hamı yoluxacaq və ölkədə virusun yayılması necə geniş vüsət alacaq. Ona görə də bu addım dövlətin qərarlarına ziddir və hesab edirəm ki, ictimai qınaq obyektinə çevrilməlidir.

Şübhəsiz ki, Azərbaycan hökuməti və cənab Prezident bu məsələyə biganə qala bilməzdi və toy mərasimini təşkil edənlər məhkəmə qarşısına çıxarılaraq cəzalandırıldı. Bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz, vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunur və olunacaq. Bu, qanunun tələbi və Azərbaycan Prezidentinin ali iradəsidir. Ramiz Mehdiyev isə dövlətə meydan oxumaq istəyirdi. Amma o, cəzasını aldı. Hər kəs bundan dərs çıxarmalıdır”.

Axeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*