“Qərb Qarabağda Rusiyaya təzyiq etmək istəyir”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi ideyası Avropa İttifaqının nizamlanma prosesinə hər hansı formada müdaxilə etmək, Moskvanın vasitəçilik səylərinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilir.
“Əlbəttə, münasibətlərini qurmaq suveren dövlətlərin işidir. Aİ-nin vasitəçilik baxımından real imkanlarına şübhə ilə yanaşıram “, -deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Aİ nümayəndələri Ukrayna ətrafında vəziyyətin qaynar fazaya keçməsinin qarşısını ala bilməyiblər. Zaxarova hesab edir ki, Aİ missiyalarının işi hələ heç bir yerdə real nizamlanmaya gətirib çıxarmayıb.
“Biz ondan çıxış edirik ki, İrəvanla Bakının barışmasının, regionda davamlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir”, – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi bu məsələ ilə bağlı erməni və azərbaycanlı həmkarları ilə müntəzəm əlaqə saxlayır.
Xuraman Etibarlı,
KONKRET.az
