Bir əməliyyat, üç il ağrı və son qərar: 43 yaşlı aktyor həyatına son qoydubackend

Bir əməliyyat, üç il ağrı və son qərar: 43 yaşlı aktyor həyatına son qoydu

Dünən, sentyabrın 22-də Belçikanın Namür şəhərində 43 yaşlı fransız aktyor və teatr rejissoru Arno Deni evtanaziya yolu ilə həyatına son qoyub. Qərarın üç həkimin iştirakı və razılığı ilə qəbul edildiyi bildirilir.

Onun vəkili Filip Kurtois AFP-yə açıqlamasında deyib: “Onun bədəni artıq onu daşıya bilmirdi. O, bədəni üzərində nəzarəti itirmişdi.”

Arno Deni 1983-cü ildə Parisdə anadan olub. O, məşhur pedaqoqlar Jan Perimoni və Jan-Loran Koşedən dərs alıb, Ali Milli Dram Sənəti Konservatoriyasını bitirib. 20 yaşında “Les Compagnons de la Chimère” adlı öz teatr truppasını yaradıb və 15 il ona rəhbərlik edib.

Deni Molyerin və Laklonun əsərləri əsasında tamaşalar hazırlayıb. Onun “Təhlükəli əlaqələr” və “Alim qadınlar” tamaşaları Fransa teatr mühitində yaxşı tanınırdı.

Lakin 17 iyul 2023-cü ildə onun həyatı kökündən dəyişib.

Həmin gün Arno Deniyə qasıq yırtığı ilə bağlı adi əməliyyat aparılıb. Hər gün minlərlə insanın keçirdiyi rutin prosedur zamanı qarın divarını möhkəmləndirmək üçün onun bədəninə polipropilen tor implant yerləşdirilib.

Əməliyyatdan sonra isə ağırlaşmalar başlayıb və iddiaya görə, bu problemlər sonradan aradan qalxmayıb.

Xroniki ağrılar yaranıb və müxtəlif preparatlar onun ağrılarını aradan qaldıra bilməyib. İmmunitet sistemində problemlər meydana çıxıb. Həkimlər onda ASIA sindromu adlandırılan vəziyyət fonunda mialgik ensefalomielit diaqnozu qoyublar. Mənbədə bu sindrom implantın orqanizmdə yaratdığı autoimmun iltihabi reaksiya ilə əlaqələndirilir.

2024-cü ilin aprelində Deni implantı çıxartdırmaq üçün ABŞ-a gedib. Əməliyyat keçirilsə də, vəziyyəti yaxşılaşmayıb. İddialara görə, iltihabi proses implant çıxarıldıqdan sonra da davam edib.

Deni yaşadığı problemlərlə bağlı hüquqi mübarizə də aparıb. 2026-cı ilin yanvarında Paris Prokurorluğuna “sağlamlığa ehtiyatsızlıqdan zərər vurma” maddəsi ilə bağlı şikayət edib. Lakin avqustun sonunda işə xitam verilib. Səbəb kimi “cinayət tərkibinin kifayət qədər müəyyən edilməməsi” göstərilib. Nəticədə nə cərrah, nə də implantın istehsalçısı məsuliyyətə cəlb olunub.

Deni 2026-cı ilin əvvəlində “Dauphiné Libéré” qəzetinə müsahibəsində belə deyib:

“Mənə qarşı tibbi zorakılıq kifayətdir. İnsan öz daxilində nə vaxt məhkum olduğunu hiss edir.”

Mart ayından etibarən Deni Belçikadakı klinikanın palliativ yardım şöbəsində müalicə alır və evtanaziya ilə bağlı müraciətinin təsdiqlənməsini gözləyirdi.

Niyə məhz Belçika?

Bunun əsas səbəbi Fransada evtanaziyanın qanuni olmamasıdır. Fransada 2024-cü ildən etibarən “həyatdan çıxışa yardım” adlandırılan qanun layihəsi müzakirə olunur. Lakin qanun hələ qəbul edilməyib.

Bu səbəbdən Arno Deni öz ölkəsində evtanaziya hüququndan yararlana bilməyib. O, həyatının son mərhələsində bu prosedurun qanuni olduğu Belçikaya gedib.

Arno Deninin hekayəsi yalnız bir insanın faciəsi deyil. Bu, adi tibbi prosedurun gözlənilməz ağırlaşmalarla nəticələnə biləcəyini göstərən hadisələrdən biridir.

Qasıq yırtığının müalicəsində istifadə olunan polipropilen tor implantlar dünyanın müxtəlif ölkələrində geniş tətbiq edilir və milyonlarla pasiyentə yerləşdirilib. Əksər hallarda onlar problemsiz fəaliyyət göstərir. Lakin bəzi pasiyentlərdə müxtəlif ağırlaşmalar yarana bilər.

Belə implantların istehsalçılarına qarşı ABŞ, Böyük Britaniya və Avstraliyada məhkəmə iddiaları da qaldırılıb. Avropa İttifaqında isə tibbi cihazlara nəzarət sisteminin kifayət qədər effektiv olmadığı barədə tənqidlər səslənir.

Arno Deninin 43 yaşı vardı.

Cəmi üç il əvvəl o, sağlam idi, tamaşalar hazırlayır, teatr truppasına rəhbərlik edir və səhnəyə çıxırdı.

Sonra adi bir əməliyyat baş verdi.

Və ardınca ağrı ilə keçən uzun aylar, müalicələr, hüquqi mübarizə və çıxış yolu axtarışları gəldi.

Sonda isə o, həyatını bitirmək qərarını verdi.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*