Sosial şəbəkələrdə böyük maraq doğurduğu üçün Nuh Çətinin yazısını təqdim edirik:
İslandiya qanunlarına görə, 1990-cı illərə qədər türkü öldürmək cinayət sayılmırdı.
Səbəbini bir azdan izah edəcəyəm.
İslandiya dediyiniz ölkənin əhalisi bizim İstanbulun Fatih rayonu qədərdir.
Belə az əhalidən güclü futbol komandası yaratmaq, əlbəttə ki, çətindir. Ona görə də onlar əllərində top oynaya biləcək nə qədər santexnik, dülgər, barmen və başqa peşə sahibləri varsa, hamısını toplayıb komanda qururlar. Sonra da gəlib bizimlə oynayır və bizi rahatlıqla məğlub edirlər…
İndiyədək İslandiya ilə 14 dəfə qarşılaşmışıq. Bu oyunların cəmi 4-də qalib gəlmişik, 7-də məğlub olmuşuq, 3 oyun isə heç-heçə başa çatıb.
Biz onlara 18 qol vurmuşuq, onlar isə qapımızdan 24 top keçiriblər. Bəlkə də çox balıq yemələrinin təsiridir, bilmirəm…
Deyilənə görə, ölkə əhalisinin yarısı ateistdir. Hətta 25 yaşdan aşağı nəsil arasında dünyanı Allahın yaratdığına inananların sayı sıfıra bərabərdir.
Bir müddət əvvəl NATO sammiti üçün Ankaraya gələn xanım baş nazirləri isə iqtisadiyyat üzrə həqiqi diplomu olan bir mütəxəssisdir. Sosial Demokrat ittifaqına mənsubdur və sair…
İndi isə gələk əsas məsələyə: niyə islandiyalılar türkü öldürməyi cinayət saymırdılar?
1627-ci ildə Kiçik Murad Rəisin rəhbərlik etdiyi Osmanlı korsan gəmisi İslandiyaya hücum edərək adanı 26 gün nəzarətdə saxlayıb, xeyli qənimət ələ keçirib.
O vaxt təxminən 60 min əhalisi olan İslandiyadan 400–900 nəfər arasında olduğu deyilən insan əsir götürülərək Cəzairdə qul bazarlarında satılıb.
Sarışın və mavigöz islandiyalı qadın qullar həmin bazarlarda böyük maraq doğurub. Bu işin gəlirli olduğunu görən Əli Biçin Rəis də İslandiyaya ikinci səfər təşkil edib. O da təxminən 800 nəfəri əsir apararaq bu dəfə İstanbul bazarlarında satıb.
Ordusu olmayan, əsasən balıqçılıqla dolanan İslandiya xalqı üçün bu hadisə böyük faciə olub.
16 iyul – hücumun baş verdiyi gün – milli matəm günü elan edilib. Həmçinin belə bir qanun qəbul olunub ki, türkü öldürən şəxs cəzalandırılmayacaq. Bu qanun illər keçdikcə unudulub və yalnız 1990-cı illərdə təsadüfən aşkar edilərək ləğv olunub.
Əslində isə ilk hücumu həyata keçirən gəminin kapitanı Kiçik Murad Paşa deyilən şəxs holland əsilli idi. Heyətin tərkibi də avropalılar, əlcəzairli və tunisli bərbərilərdən ibarət idi. İkinci səfəri təşkil edən Əli Biçin Rəis də türk əsilli deyildi. O, venesiyalı idi, əsgərlərinin əksəriyyəti isə Şimali Afrikadan idi.
Onlar Aralıq dənizində İspaniya və Venesiya kimi dövlətlərlə təkbaşına mübarizə aparmaq əvəzinə, Barbaros Xeyrəddin Paşa kimi Osmanlı hakimiyyətini qəbul etmişdilər. Beləliklə, onlara edilən hücum Osmanlıya edilmiş hücum hesab olunurdu. Gəmilərdə demək olar ki, türk olmasa da, islandiyalılar bu fərqi nəzərə almamışdılar. Nəticədə qanun “türklər” adı ilə yadda qalmışdı.
Hərçənd 1990-cı illərdə bu qanun ləğv edilib, amma deyəsən, bizi “öldürməyin” başqa yollarını tapıblar. Belə gözəl bir qadını baş nazir seçib beynəlxalq tədbirlərdə nümayiş etdirirlər ki, biz də qısqanclıqdan ölək. Yaxşısı budur, onları təqlid etməyək. Çalışaq, daha gözəlini özümüz yaradaq.
Nuh Çətin
