17 yaşlı qızın ölümündə günahkar kimdir?backend

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb.

KONKRET.az xəbər verir ki, onun atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub.

Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasının pediatrı Flora Mənsimova əvvəl zəhərlənmə, bir gün sonra isə qızılca diaqnozu qoyub. Mayın 3-də Ayişənin halı pisləşib və qusmağa başlayıb, buna görə də, Təcili Tibbi Yardıma müraciət ediblər.

Atanın iddiasına görə, Təcili Tibbi Yardımın əməkdaşı 20 qramlıq şprislə Ayişənin qol damarında iynə vurub və bir dəqiqənin içində qızın halı ağırlaşıb. Buna görə də, onu Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırıblar.

Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı bildirib ki, Ayişə Qarayevaya iynə vurulanda onsuz da vəziyyəti ağır olub:

“Briqadamız çağırış üçün gedəndə, qızın qızdırması 36 dərəcə olub. Anası əməkdaşlarımıza bildirib ki, qıza Analgin və Dimedrol vurub. Sadəcə o, dayanmadan qusurmuş. Buna görə, Ayişə Qarayevaya qızılcanın ağırlaşması səbəbi ilə venadaxili Kokarboksilaza, Natrium Xlorid və Dimedrol vurulub. Lakin briqadamız iynəni pediatrla məsləhətləşib vurub. Həmin gün növbədə həkim olmadığı üçün qıza ilkin yardımı feldşerlər Tağıyeva Kifayət və Mahmudova Yeganə göstəriblər.

Təcili Yardım şöbəsinə gətiriləndə isə qız qollarında huşunu itirmiş vəziyyətdə imiş, buna görə də, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndəriliblər. Bizdə olan məlumata görə, Şirvan Xəstəxanası da qızın vəziyyəti ağır imiş deyə, qəbul etməyib, Bakıya göndərib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından isə bildiriblər ki, Ayişə Qarayeva xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub:

“Ayişə Qarayevanın növbətçi həkimi Həmid Pənahov olub. Xəstənin vəziyyəti ağırlaşandan sonra bura gətirilib. Qızılcaya yoluxan bir günün içində rəhmətə gedə bilməz. Onlar evdə yubadıb, sonra xəstəni bura gətiriblər. Valideynin hirsini başa düşürük, övladını itirib, hər şey deyə bilər. Biz vəziyyəti ağırlaşan xəstələri Bakıya göndəririk. Ayişə Qarayeva üçün də Bakı xəstəxanaları ilə əlaqə saxlanılıb, yer olmadığı üçün gözlədiliblər”.

“Şirvan Şəhər Mərkəzi Xəstəxanası tibbi avadanlıq və həkimlə təchiz olunmur ki, vəziyyəti ağırlaşan xəstəni Bakıya göndərirsiniz?” sualına isə “Bu mövzuya ancaq rəhbərlik cavab verə bilər”, – deyə cavab verilib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) hələ ki açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*