Macarıstanda keçmiş Baş nazir Viktor Orbanın hakimiyyəti dövründə vəzifə tutmuş məmurlara qarşı aparılan korrupsiya istintaqı çərçivəsində ölkənin müxtəlif yerlərində gizlədilmiş milyonlarla dollar nağd pul müsadirə edilib.
KONKRET.az BBC-yə istinadən xəbər verir ki, iki gün davam edən axtarışlar zamanı seyflərdə saxlanılan, ferma binalarında, anbarlarda gizlədilən və hətta meşəlik ərazilərdə torpağa basdırılan pul yığınları aşkar olunub.
İstintaqın mərkəzində Viktor Orbanın 16 illik hakimiyyəti dövründə dörd il milli inkişaf naziri vəzifəsində çalışmış Mikloş Şestak dayanır. O, dövlətə məxsus nəqliyyat şirkətinin iştirak etdiyi korrupsiya sxemi ilə əlaqədar rüşvət almaqda ittiham olunur. Keçmiş nazir irəli sürülən ittihamları qəti şəkildə rədd edir.
Milli Aktivlərin Bərpası və Qorunması Ofisinin (NVVH) açıqlamasına görə, əməliyyatlar zamanı 5 milyard 71 milyon 632 min Macarıstan forinti, 2 milyon 658 min 350 avro və 1 milyon 257 min 100 ABŞ dolları olmaqla, ümumi dəyəri təxminən 19,5 milyon dollar təşkil edən nağd pul müsadirə edilərək Macarıstan Dövlət Xəzinədarlığına köçürülüb.
Korrupsiya araşdırmaları yalnız Mikloş Şestakla məhdudlaşmır. Bildirilib ki, sentyabr ayından etibarən daha bir keçmiş nazir və Mərkəzi Bankın sabiq sədri Dyöri Matolçi də ayrı-ayrı korrupsiya işləri üzrə həbsdədir. Adıçəkilən şəxslərin hər biri ittihamları rədd edir.
Bundan əlavə, bazar ertəsi Macarıstan hüquq-mühafizə orqanları miqrant qaçaqçılığı ilə bağlı istintaq çərçivəsində Viktor Orbanın qardaşını və daha üç nəfəri saxlayıb. Keçmiş Baş nazir baş verənləri siyasi qisas adlandırıb: “Bu çirkli oyunun məqsədi siyasi rəqibi aradan qaldırmaq və təkpartiyalı sistem qurmaqdır. Hədəf mənəm, kiçik qardaşım sadəcə bir vasitədir”.


