Qətər fars körfəzində kiçik yarımadadır. Paytaxtı Doha olan Qətər səhralıqdır. Təbii qaz ehtiyatlarına görə Rusiya və İrandan sonra üçüncü yerdədir. Əmirliyin əsas qazanc mənbəyi də elə mavi yanacaqdır.
KONKRET.az xəbər verir ki, Yaxın Şərq ölkəsinin dünya çempionatına ev sahibliyi 2010-cu ildə razılaşdırılıb. 10 il sonra FİFA-nın eks prezidenti bunun yanlışlıqla olduğunu etiraf edib:
“Belə böyük hadisə üçün Qətər çox kiçik ölkədir. Onun namizədliyi səhvən olub. Çünki çempionat ABŞ-da baş tutmalıydı və bu siyasi jest xarakteri daşıyırdı. 2018-Rusiya, 2022-ABŞ, yəni dünyadakı düşmənçiliyin futbola aidiyyatı yoxdur”.
Sən demə Qətər namizədliyinin təsdiqlənməsini Fransanın sabiq prezidenti Sarkozi xahiş edib. O vaxt UEFA-nın rəhbəri Mişel Platini Qətər şahzadəsi ilə nahar edən Sarkozinin sarayına dəvət olunub və tapşırıq alıb ki, Qətərin dünya çempionatına ev sahibliyi təmin olunsun. Cəmi 6 ay sonra Qətər Fransadan 14,6 milyard dollara qırıcılar alıb. Dünya çempionatı üçün Qətərin nə qədər xərclədiyi məlum olmasa da, bu dəfəki yarış futbol tarixinin ən bahalısıdır. Amerikanın idman yarışları maliyyələşdirən Front Office Sports şirkətinin fikrincə, söhbət 220 milyard dollardan gedir. DÇ təşkilat komitəsinin rəhbəri Həsən əl-Təvadi də təxminən eyni rəqəmdən bəhs edib:
• 2014-Braziliya 15 milyard dollar
• 2018-Rusiya 11.6 milyard dollar
Deyilənə görə, stadionların qısa vaxtda tikintisinə 6-7 milyard dollar vəsait sərf olunub. Mundial təşkilatçılarının (FİFA) qazancının 6.4 milyard dollar olacağı gözlənilir. Qətərin özü isə turist axınına görə 17 milyard dollar əldə edə bilər. 200 milyard dollarlıq ziyan?!
Qeyd edək ki, Qətərdə yeni otellərin tikintisi və yolların salınması da ayrılan vəsaitə aiddir. Yer azlığına görə, turistlərə gəmi kayutları da təklif olunur. Ən ucuzu 300 manatdır. Doha ətrafında turistlər üçün 3 kənd salınıb. Oradakı evlərdə qiymət 350 manatdan başlayır. Dohadan 40 km şimalda çimərliklərdən birində çadır düşərgə hazırlanıb. Kondisioner, hamam otağı ilə təchiz olunmayan ən ucuz çadırlarda qiymət 170 manatdır. Qətərdə yer tapmayanlar Birləşmiş Ərəb Əmirliklərinə yollanacaqlar. Dubay idman şurası 1 milyon fanatı qarşılamağa hazırdır.
KONKRET.az-ın Araşdırma Qrupu