300 osetiyalı əsgər Ukraynada döyüşməkdən imtina edərək GERİ QAYITDIbackend

300 osetiyalı əsgər Ukraynada döyüşməkdən imtina edərək GERİ QAYITDI

Cənubi Osetiyadan olan 300 əsgər Ukraynada döyüşməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə osetiyalı bloger Alik Puxayev məlumat verib.

Rusların əmrinə tabe olmayan Cənubi osetiyalı 300-ə yaxın əsgər könüllü olaraq Ukraynadakı müharibəni tərk edərək vətənə qayıdıb.

“Rusiya hərbi bazasından olan 300-ə yaxın hərbçi (əsasən etnik osetiyalı) Ukraynada keçirilən xüsusi əməliyyat zamanı ölümə göndərildiklərini düşünərək öz istəyi ilə Cənubi Osetiyaya qayıdıb”, – bloger Twitter səhifəsində yazıb.

“Respublika”nın keçmiş prezidenti Eduard Kokoytı öz Telegram kanalında bildirib ki, hərbçilərin müəyyən hissəsi həqiqətən də Ukraynada döyüş əməliyyatlarında iştirakdan imtina edib.

“Müharibə zonasından Osetiyaya qayıdan əsgərlərimizin ətrafında yaranmış vəziyyətdən hamımız narahatıq. Heç kimin bu adamları qınamağa və ya qorxaqlıqda ittiham etməyə haqqı yoxdur. Biz baş verənlərin əsas səbəblərini anlamalı və onların iştirakının necə təşkil olunduğunu öyrənməliyik. Biz bununla ən ciddi şəkildə məşğul olacağıq”, – deyə o yazıb.

Eyni zamanda, o, əlavə edib ki, yüzlərlə osetin döyüşçüsü hazırda “hərbi əməliyyat zonasındadır” və “öz borclarını qəhrəmancasına yerinə yetirir”, “zəruri bildikləri halda vətənə qayıdanlar isə yenidən “xüsusi əməliyyatlar zonasına” qayıda və Kokoytının dediyi kimi, “Donbasın azad edilməsini” başa çatdırmağa kömək edə biləcək.

Osetiyalı jurnalist Ruslan Totrov bu osetin əsgərlərin rusların əmrinə tabe olmaqdan boyun qaçırdıqlarını və dərhal geri qayıtdıqlarını, onlara mane olmaq istəyən hər kəsi güllələyəcəkləri ilə bağlı xəbərdarlıq etdiklərini deyib. Qrup polis karvanlarının müşayiəti ilə sərbəst şəkildə Cənubi Osetiyaya çatıb.

Totrov əsgərlərin xidmətdən imtina etməsinin mümkün səbəbini izah edib. Onun sözlərinə görə, Cənubi Osetiyanın qondarma “prezidenti” Anatoli Bibilov osetiyalı hərbçiləri Rusiya ordusu ilə birləşdirməyə məcbur edib və rus siyasətçi Vladislav Surkovun təsirindən istifadə edərək, bu qərarı dəstəkləməyən bütün siyasi rəqiblərini susdurub. Nəticədə Cənubi Osetiya əsgərləri Rusiya ordusunun tərkib hissəsi kimi Ukraynada döyüşüb.

“Daha sonra sonuncu insident oldu, az qala silahlı qarşıdurma olacaqdı. Komandirlərdən biri osetin əsgərlərinə ölmüş yoldaşının cəsədini döyüş meydanından götürməyi qadağan etdi. Bu, böyük qalmaqala səbəb oldu. Onsuz da yüzlərlə osetinin Ukraynaya göndərilməsi faktının özü qalmaqala səbəb olmuşdu. Cənubi Osetiyada narazılıq alovu artıb. Çünki bu ölkə sözün həqiqi mənasında öz əsgərlərinin əksəriyyətini itirib və Gürcüstan qarşısında tamamilə müdafiəsiz vəziyyətə düşüb…

Osetinlərin heç nəyi düşünmədən, kamikadze stilində yaxşı müdafiə olunan Ukrayna mövqelərinə hücum etmələri gözlənilirdi. Bir anda osetin əsgərləri əmrlərə məhəl qoymayaraq, özlərinə məxsus şəkildə döyüşməyə başladılar…

Bu cür üsyankar və müstəqil davranışın nəticəsi böyük insidentə səbəb oldu: Osetiya bölməsini döyüş sursatı və xəritələrlə təmin etməkdən imtina edildi”, – deyə Totrov bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya hərbçiləri Melitopolda iğtişaşlar törədib və əmrlərə tabe olmaqdan imtina ediblər.

Sumı vilayətində isə 300 əsgər döyüşməkdən imtina edərək texnika ilə Rusiyaya qayıdıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*