Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı Yasamal yaşayış kompleksinin ikinci mərhələsi bu gün başa çatıb. Satış zamanı 5 saniyəyə 500 mənzil satılması vətəndaşlar arasında ciddi narazılığa səbəb olub.
KONKRET.az məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlamasında verib. O bildirib ki, bu məsələdə ən düzgün yol MİDA-nın rəsmi şəkildə satılan evlərin siyahısını və onların statusu barədə məlumatı ictimaiyyətə təqdim etməsidir. Deputat qeyd edib ki, şirkət mütləq şəkildə siyahını mediaya vasitəsilə yayımlamalıdır:
“Hesab edirəm ki, bu siyahı gizlədilməməlidir. Çünki bu, hərbi sirr deyil ki, gizlədilsin. İzahını versinlər, siyahını media qurumlarına təqdim etsinlər. Onlar rəsmi sənədi təqdim etməlidirlər ki, biz bilək ki, evlər kimlərə satılıb. Ondan sonra bu məsələ ilə bağlı düzgün fikir söyləmək olar”.
