KONKRET.az xəbər verir ki, “Hayatsk” (“Baxış”) Tətbiqi Siyasət və Tədqiqat Mərkəzinin eksperti Asmik Vardanyan Baş nazirin Qarabağ nizamlanması ilə bağlı son açıqlamalarına münasibətini bildirib.
Politiloq qeyd edib ki, Baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları Qarabağın erməni icmasının danışıqlar masasına qayıtmaq şansını ardıcıl azaldıb, baxmayaraq ki, bir il əvvəl bunu prioritet elan etmişdi.
Ekspert vurğulayıb ki, bir il əvvəl Paşinyanın Qarabağ “xalqı”nın qanuni nümayəndəsi olmadığından, danışıqlar masasında separatçı rejimin maraqlarını təmsil edə bilmədiyi barədə açıqlamaları beynəlxalq ictimaiyyət və xüsusən vasitəçilər tərəfindən normal qəbul edilirdi. Bu il ərzində verilən açıqlamalar isə tamam başqa istiqamətə yönəlib. Bu isə Qarabağın erməni icmasının bütövlükdə danışıqlar masasına qayıtması perspektivinə ciddi zərbə vurdu.
“Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanat verməklə hər şey alt-üst oldu. Artıq həmsədrlərin Qarabağın danışıqlar masasına münaqişənin üçüncü tərəfi kimi qayıtması ilə bağlı Ermənistanın tələbini məqbul hesab etməsini gözləmək mənasızdır”, – deyə ekspert bildirib.
Ekspertin fikrincə, bəzi daxili problemləri həll etmək üçün verilən bu açıqlamalar, Qarabağın danışıqlar masasına qayıtma ehtimalını azaltmaqla yanaşı, erməni tərəflərinin danışıqlar prosesindəki mövqeyini çətinləşdirib.
