Ukraynada gedən müharibə uzandıqca dünyada siyasi balans sürətlə dəyişir. Müharibədə istədiyi nəticəni əldə edə bilməyən Rusiya artıq öz nüfuzunu və gücünü itirməyə başlayıb. Artıq ABŞ iki qitədə yerləşən və region üçün ciddi təhdidə çevrilən Rusiyanı ciddi rəqib hesab etmir. Belə ki, ABŞ rəsmiləri indi Çindən daha çox ehtiyat etdiyini söyləyir.
Bəs görəsən, heç bir siyasi münaqişəyə qoşulmayan Çin dünyanın ən güclü dövlətini niyə bu qədər qorxuya salıb?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, Çin artıq ABŞ-ın əsas siyasi və iqtisadi rəqibi kimi çıxış edir:
“Rusiyadan fərqli olaraq Çinin iqtisadi imkanları çox genişdir. Hətta müxtəlif göstəriricilərə görə, ABŞ özü Çindən geri qalır. Rusiya nə iqtisadi göstəricilərinə, nə də digər statistikalara görə, ABŞ-ın rəqibi deyil. Bunu hər kəs çox gözəl başa düşür. Ukrayna müharibəsi və bu müharibədən əvvəlki geosiyasi qarşıdurmalar Moskva və Vaşinqton arasındakı fikir ayrılıqlarına səbəb olub. Dünyanın bölüşdürülüməsində Rusiyanın mühüm rol oynaması ABŞ-ı qane etmirdi. Rusiya Çindən fərqli olaraq, ABŞ-ın qarşısında siyasi istiqamətlərdə daha aktiv şəkildə sədlər qoyur. Çin isə daha çox iqtisadi ekspansiya təşkil edir. Texnologiya nəhəngi sonradan ABŞ-a hərbi siyasi sahədə rəqib ola bilər”.

Politoloqun fikrincə yaxın gələcəkdə Vaşinqton və Pekin arasında qarşıdurma gözlənilir:
“Təsadüfi deyil ki, bu gün Moskva-Pekin tandeminin ABŞ-a qarşı birgə mübarizə apardığını görürük. Çin yaxşı bilir ki, Rusiya məğlub olarsa, növbə onun özünə çatacaq. Ona görə də, Çin və Rusiya indidən Hindistan, Pakistan, Braziliya, Türkiyə, İranda regional mərkəzlər formalaşdırır. Bugünkü proseslərə nəzər yetirsək, görərik ki, yaxın gələcəkdə Vaşinqton və Pekin arasında qarşıdurma gözlənilir. ABŞ Çinin cənubunda ciddi şəkildə hərbi dəniz qüvvələrini genişləndirməklə məşğuldur. Çinə qarşı mübarizə aparan siyasi partiyaları və qüvvələri genişləndirir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
