Vanilin dadının arxasında 12 yaşlı uşağın unudulmaz kəşfi dayanırbackend

Vanilin dadının arxasında 12 yaşlı uşağın unudulmaz kəşfi dayanır

1841-ci ildə Hind okeanında yerləşən Reyunyon adasında cəmi 12 yaşlı Edmond Albius dünya tarixində mühüm iz qoyacaq bir kəşfə imza atdı. Onun tapdığı üsul vanilin istehsalında inqilab yaratdı və bu gün də bütün dünyada tətbiq olunur.

Fransızlar Meksikadan vanil səhləbini (orxideyasını) Reyunyon adasına gətirmişdilər. Lakin ciddi bir problemlə üzləşmişdilər: bitki çiçəkləsə də, meyvə vermirdi. Səbəb isə məlum idi. Meksikada vanil çiçəklərini tozlandıran xüsusi arı növü yaşayırdı, Reyunyon adasında isə həmin arılar yox idi.

Botaniklər uzun müddət bu problemin həllini axtarsalar da, nəticə əldə edə bilmirdilər. Məhz belə bir şəraitdə, o dövrdə köləlikdə olan Edmond Albius gözlənilməz həll yolu tapdı.

Heç bir xüsusi botanika təhsili olmayan bu yeniyetmə bitkini diqqətlə müşahidə etmiş və onun tozlanma mexanizmini anlamışdı. O, nazik taxta parçası və baş barmağından istifadə edərək vanil çiçəyinin erkək və dişi orqanlarını ayıran nazik pərdəni ehtiyatla qaldırır, daha sonra tozcuqları dişiciyin ağızcığına toxundururdu.

Nəticə heyrətamiz oldu: çiçəklər tozlandı və meyvə verməyə başladı.

Beləliklə, vanilin süni, əl ilə tozlandırılması üsulu yarandı. Sadə, lakin son dərəcə effektiv olan bu texnologiya vanil istehsalının taleyini dəyişdirdi. Bu gün də dünyanın bir çox vanil plantasiyalarında Edmond Albiusun təkmilləşdirdiyi üsuldan istifadə olunur.

Lakin vanil sənayesində inqilab yaradan bu kəşfin müəllifi uzun müddət layiq olduğu diqqəti görmədi. Onun adı tarixdə böyük bir elmi nailiyyətin arxasında qalsa da, özü şöhrət və sərvət qazana bilmədi.

Edmond Albius ömrünün son illərini yoxsulluq içində keçirdi və 1880-ci ildə, cəmi 51 yaşında, demək olar ki, unudulmuş bir insan kimi dünyasını dəyişdi.

Bu gün dünyanın ən bahalı və qiymətli ədviyyatlarından biri hesab edilən vanilin hər damlasında 12 yaşlı bir uşağın zəkasının, müşahidə qabiliyyətinin və dahiyanə kəşfinin izi var.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*