Boris Conson: “Putin həlak olacaq”backend

Boris Conson: “Putin həlak olacaq"

“Qərb Ukraynaya daha çox silah və maliyyə yardımı göstərməlidir. Hazırda Kiyevə dəstək lazımi sürətlə və həcmdə təqdim olunmur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson bildirib.
Consonun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilən 140 milyard dollar vəsait Brüsseldəki bank hesablarında saxlanılır. Sabiq baş nazir hesab edir ki, bu pullar Ukraynaya verilməli və ölkənin müharibəni davam etdirməsinə kömək etməlidir.

“Biz daha çox şey edə bilərik. Ukraynalılara öz müharibələrində mübarizə aparmaq üçün daha çox silah və pul lazımdır. Lakin biz bunları kifayət qədər sürətlə təmin etmirik”, – deyə Conson vurğulayıb.

O, həmçinin Rusiyanın neft daşınması ilə məşğul olan gəmilərinə qarşı daha sərt tədbirlərin görülməsini təklif edib. Consonun fikrincə, Putinin neft gəlirlərini məhdudlaşdırmaq üçün həmin gəmiləri batırmaq və ya ələ keçirmək lazımdır.

Sabiq baş nazir hesab edir ki, Putinin müharibəni dayandırmaq üçün siyasi manevr imkanları məhduddur. Çünki müharibə başa çatdıqdan sonra Rusiya cəmiyyəti onun hansı nəticələr əldə etdiyini sorğulamağa başlayacaq. Bu isə Kreml rəhbərinin hakimiyyəti üçün ciddi təhlükə yarada bilər.

“Bu müharibəyə başlayan şəxs onu dayandıra biləcək yeganə adamdır”, – deyə Conson bildirib. O, Putinin hakimiyyətdən gedəcəyi təqdirdə həyatının da təhlükə altında ola biləcəyini iddia edib.

Böyük Britaniyanın sabiq hökumət başçısının fikrincə, Ukraynanın məğlubiyyəti Avropanın təhlükəsizliyi üçün daha genişmiqyaslı təhdidlər yaradacaq. O hesab edir ki, belə bir ssenaridə Putin Baltikyanı ölkələrə, Şərqi Avropaya və hətta keçmiş Yuqoslaviya ərazisinə öz təsirini genişləndirməyə çalışa bilər.

Conson əlavə edib ki, Ukraynanın məğlubiyyəti Çinin Tayvana qarşı hərbi əməliyyatlara başlamaq ehtimalını da artıra bilər.

Sabiq baş nazir Rusiya ilə bağlı əvvəlki siyasətini də xatırladıb. O bildirib ki, Böyük Britaniyanın xarici işlər naziri olduğu dövrdə Moskva ilə münasibətləri yenidən qurmağa cəhd edib, lakin bu təşəbbüs uğursuzluqla nəticələnib.

Onun sözlərinə görə, Putin və ətrafı Rusiyanın alçaldılması kimi qiymətləndirdikləri hadisələrə görə revanş almaq istəyir.

“Putinlə kompromis mümkün deyil”, – deyə Boris Conson fikrini yekunlaşdırıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*