Yaqaylo (təxminən 1362–1434) Litva Böyük Knyazlığının hökmdarı, Polşa kralı və Yagellonlar sülaləsinin banisi olub. O, Litva Böyük Knyazı Olqerdin və Tver knyazı Aleksandrın qızı Ulyana Tverskayanın oğlu idi.
1377-ci ildə atasının ölümündən sonra Litva Böyük Knyazlığının taxtına sahib çıxan Yaqaylo hakimiyyət uğrunda ciddi mübarizə ilə üzləşdi. Onun əsas rəqibləri böyük qardaşı, Polotsk knyazı Andrey və əmisi Keystut idi.
1380-ci ildə Yaqaylo Moskva knyazlığına qarşı tatar hökmdarı Mamayla ittifaq bağladı. Lakin həmin il baş vermiş Kulikovo döyüşündə iştirak etmədi.
1381-ci ildə Keystut Vilnüsü ələ keçirərək Yaqaylonu hakimiyyətdən uzaqlaşdırdı. Lakin artıq 1382-ci ildə Yaqaylo yenidən hakimiyyətə qayıtdı, Keystutu və onun oğlu Vitovtu əsir götürdü. Bir qədər sonra Keystut Kreva qalasında müəmmalı şəkildə öldü. Vitovt isə Tevton ordeninin torpaqlarına qaçmağa müvəffəq oldu.
1385-ci il avqustun 14-də Yaqaylo Polşa ilə Krevo ittifaqını imzaladı. Razılaşmaya əsasən, o, katolikliyi qəbul etməli, Polşa kraliçası Yadviga ilə evlənməli və Litvada xristianlığın yayılmasına şərait yaratmalı idi.
1386-cı ilin fevralında Yaqaylo katolikliyi qəbul edərək Vladislav adını götürdü və Yadviga ilə ailə qurdu. Həmin il martın 4-də isə Vladislav II Yagello adı ilə Polşa kralı kimi tacqoyma mərasimi keçirildi.
1387-ci ildə Yaqaylo Litvanın bütpərəst əhalisinin rəsmi şəkildə xristianlaşdırılması prosesinə başladı və katolik kilsəsinin mövqelərini möhkəmləndirdi. Onun dini siyasəti Litva Böyük Knyazlığında daxili ziddiyyətləri dərinləşdirdi. Bu vəziyyətdən istifadə edən Vitovt yenidən hakimiyyət uğrunda mübarizəyə başladı.
1392-ci il avqustun 4-də Ostrovets (Ostrów) sazişi imzalandı. Razılaşmaya əsasən, Vitovt Litva Böyük Knyazlığının idarəçiliyini öz üzərinə götürdü, lakin Yaqaylonun ali hakimiyyətini tanıdı.
Bundan sonra Yaqaylo əsas diqqətini Polşa krallığının idarə edilməsinə yönəltsə də, Litvanın siyasi həyatına təsir imkanlarını qoruyub saxladı.
Yaqaylo 1434-cü ildə vəfat etdi. O, təxminən 48 il Polşa taxtında qaldı və Avropanın ən uzunömürlü orta əsr monarxlarından biri oldu. Onun əsas tarixi xidmətlərindən biri Polşa və Litva arasında siyasi-dinı əlaqələrin möhkəmlənməsinə təkan verməsi və Yagellonlar sülaləsinin əsasını qoyması idi.
Yagellonlar sülaləsinin nümayəndələri 1572-ci ilədək Polşada hakimiyyətdə qaldılar. Bu sülalə sonrakı dövrlərdə Mərkəzi və Şərqi Avropanın siyasi tarixində də mühüm rol oynadı.
Ağagül Mürsəlov,
KONKRET.az
