Elektrik avtomobilləri ucuzlaşacaq? – Vergi güzəştləri ilə bağlı MÜHÜM AÇIQLAMAbackend

Elektrik avtomobilləri ucuzlaşacaq? – Vergi güzəştləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycanda elektrik avtomobillərinə marağın artması fonunda bu nəqliyyat vasitələrinin idxalına tətbiq olunan vergilər yenidən müzakirə mövzusuna çevrilib. Ekoloji təmiz nəqliyyatın təşviqi və ölkənin avtomobil parkının yenilənməsi baxımından vergi güzəştlərinin bərpası mühüm məsələlərdən biri hesab olunur. Xüsusilə elektrik avtomobillərinin daha əlçatan olması üçün idxal zamanı vergi yükünün azaldılması təklifləri diqqət çəkir.

Bəs elektrik avtomobillərinin idxalı yenidən vergidən azad edilə bilərmi? Belə bir qərarın qəbul olunması nə dərəcədə realdır və bu güzəştlər avtomobil bazarına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, ölkənin uzunmüddətli ekoloji və nəqliyyat strategiyası nəzərə alınarsa, elektrik avtomobillərinə güzəştlərin tətbiqi zəruridir.

Eyyub Əliyevə vəzifə verildi - Azərbaycanın xəbər saytı

Ekspertin sözlərinə görə, qarşıdakı illərdə avtomobil parkının mərhələli şəkildə elektrikləşdirilməsi hədəfləri vergi siyasətində də müvafiq təşviq mexanizmlərinin yaradılmasını tələb edir:

“2035-ci ilə qədər ölkədə daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması, 2060-cı ilə qədər isə minik avtomobilləri parkının tam elektrikləşdirilməsi nəzərdə tutulur. Əgər bu hədəflər reallaşdırılacaqsa, elektrik avtomobillərinə müəyyən güzəştlərin tətbiqi qaçılmazdır. Bu, mütləq şəkildə həyata keçirilməlidir. Çünki ekoloji təmiz nəqliyyat vasitələrinin geniş yayılmasını istəyiriksə, onların alınmasını və idxalını stimullaşdırmalıyıq”.

Eyyub Əliyev qeyd edib ki, əvvəlki illərdə tətbiq olunan güzəştlər avtomobil bazarında müsbət nəticələr verib. Onun sözlərinə görə, bu imkanlardan çoxsaylı vətəndaşlar yararlanıb, xüsusilə hibrid avtomobillərin idxalı taksi parkının yenilənməsinə ciddi töhfə verib.

“Ötən il elektrik avtomobillərinə tətbiq edilən güzəştlərin son ili idi. Həmin dövrdə xeyli insan bu imkanlardan faydalandı. Buraya hibrid avtomobilləri də əlavə etsək, görərik ki, güzəştlər hesabına ən azı taksi parkımızın yenilənməsi istiqamətində mühüm irəliləyiş əldə olundu. Bu baxımdan ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi üçün güzəştlərin olması vacibdir”.

Bununla belə, ekspert hesab edir ki, vergi güzəştlərinin bərpası yalnız avtomobillərin ucuzlaşmasına yönəlməməli, eyni zamanda istehlakçıların hüquqlarının qorunmasını təmin edən mexanizmlərlə müşayiət olunmalıdır.

Onun sözlərinə görə, əvvəlki güzəşt dövrlərində paralel idxal yolu ilə ölkəyə gətirilən avtomobillərin satışı zamanı müəyyən sui-istifadə və aldatma halları müşahidə edilib:

“Güzəştlərin tətbiq olunduğu dövrdə paralel idxal vasitəsilə ölkəyə çoxsaylı avtomobillər gətirilirdi. Bu avtomobillərin bir hissəsi fiziki şəxslər tərəfindən idxal olunurdu. Təəssüf ki, həmin proseslərdə vətəndaşların aldadılması və müxtəlif xoşagəlməz hallarla qarşılaşması da baş verirdi. Ona görə də yeni güzəşt mexanizmləri hazırlanarkən əvvəlki təcrübə mütləq nəzərə alınmalıdır”.

Eyyub Əliyev vurğulayıb ki, dövlətin tətbiq etdiyi güzəştlərdən ayrı-ayrı şəxslərin sui-istifadə etməsi nəticəsində vətəndaşların zərər çəkməsinə yol verilməməlidir.

“Dövlət müəyyən güzəşt tətbiq edirsə, bunun əsas məqsədi vətəndaşın rifahını yaxşılaşdırmaq və ekoloji təmiz nəqliyyatın inkişafını dəstəkləməkdir. Lakin bəzi şəxslər bu imkanlardan sui-istifadə etdikdə nəticədə istehlakçıların hüquqları pozulur. Buna görə də elə mexanizmlər hazırlanmalıdır ki, həm güzəştlər öz məqsədinə çatsın, həm də avtomobil alan vətəndaşların mənafeyi qorunsun”.

Beləliklə, ekspertin mövqeyindən aydın olur ki, elektrik avtomobillərinin idxalına vergi güzəştlərinin yenidən tətbiqi ekoloji nəqliyyata keçid baxımından mühüm addım ola bilər. Lakin bu istiqamətdə qərar qəbul edilərkən idxal prosesinin şəffaflığı, istehlakçı hüquqlarının müdafiəsi və sui-istifadə hallarının qarşısının alınması əsas şərtlərdən olmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*