ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokşteyn senatorlara deyib ki, o, Hindistanı Qərbin sanksiyaları səbəbindən kəskin ucuzlaşan Rusiya neftinin alışını artırmamağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı İnterfaks agentliyi yayıb.
“Dedim, baxın. Bizim sizin Rusiyadan alış-veriş etməyinizə mane ola biləcək ikinci dərəcəli sanksiyalarımız yoxdur. Amma mən iki şey xahiş edərdim. Birincisi, çox uzağa getməyin. Avropanın əziyyətindən özünüz üçün fayda götürməyin. İkincisi, düzgün danışıqlar aparın, çünki siz bu nefti almasanız, heç kim almayacaq”, – Hokşteyn bildirib.
Viskonsin ştatından respublikaçı senator Ron Conson qeyd edib ki, Rusiya müharibənin bu mərhələsində əldə etdiyi gəlirlər baxımından hərbi əməliyyatların başlaması ilə müqayisədə daha yaxşı vəziyyətdədir.
“Əgər siz yalnız satılan hər barel üçün onların aldıqları qiymətə baxsanız, mən sizinlə razıyam”, – Hokşteyn senatora cavab verib.
Eyni zamanda o, əlavə edib ki, Rusiyanın maliyyə sektoruna qarşı sanksiyalara görə aldığı pulları öz ölkəsinə qaytarması çətinləşib.
Roman Göytürk,
KONKRET.az
