ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənub-şərqində, Çabahar limanında yerləşən və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus strateji müşahidə qülləsinin məhv edildiyini bəyan edib.
KONKRET.az xəbər verir ki, iyulun 16-da həyata keçirilən əməliyyat nəticəsində Şəhid Kələntəri limanındakı obyekt tamamilə sıradan çıxarılıb. CENTCOM-un rəsmi açıqlamasında bildirilir ki, məhv edilən qüllə SEPAH-ın dəniz müşahidə şəbəkəsinin mühüm bir parçası olub.
Komandanlıq vurğulayıb ki, bu obyekt onilliklər ərzində Hörmüz boğazından keçən kommersiya gəmilərinin izlənilməsi və mülki gəmiçiliyə qarşı hücumların koordinasiyası üçün istifadə olunub. ABŞ tərəfi qeyd edib ki, bu qüllənin məhv edilməsi SEPAH-ın bölgədəki hərbi əməliyyat imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq və regionda gəmiçilik azadlığını təmin etməyə kömək edəcək.
Qeyd edək ki, ABŞ-nin bu addımı İranın hərbi infrastrukturuna qarşı genişmiqyaslı cavab tədbirlərinin bir hissəsi kimi qiymətləndirilir. Bununla belə, bəyanatda vurğulanıb ki, bu təhlükəsizlik tədbirləri İranın mövcud hərbi-dəniz blokadasını pozan gəmilərə şamil olunmur.
Natiq Səlim,
KONKRET.az
