Ağcabədidə əl qumbarasının partlaması zamanı həlak olan ailə üzvləri dəfn edilib.
KONKRET.az xəbər verir ki, partlayış zamanı həyatlarını itirən Bəhruz Quliyev, Natiq Quliyev, Şamiq Quliyev ailənin yaşadığı Hindarx qəsəbə qəbiristanlığında, babası evinə Bərdə rayonunun Əmirli kəndindən qonaq gələn Məhəmməd Məmmədli və Murad Məmmədli qardaşları yaşadıqları Əmirli kənd qəbiristanlığında dəfn edilib.
Ailənin digərüzvləri yaralı Ülviyyə Məmmədli və Aysun Quliyevanın müalicəsi xəstəxana şəraitində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
***
Ağcabədinin Hindarx qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı yeni detallar məlum olub.
Belə ki, yaxınlarının bildirdiyinə görə, uşaqlar qumbaranı qoyun otaran zaman tapıblar.
***
Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
KONKRET.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.
Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, evdə əl qumbarasının partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.