Almaniya hökuməti Rusiyanın enerji təchizatının dayandırılması halında fövqəladə plana start verəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habek səsləndirib.
Berlində keçirilən mətbuat konfransında çıxış edən vitse-kansler bildirib ki, Rusiya qazın ödənişini rublla tələb edir, əks halda isə mavi yanacağın nəqlini dayandıracağı ilə hədələyir: “Fövqəladə plan Rusiyanın bu bəyanatına reaksiyadır. Belə bir vəziyyətə hazırlaşmaq üçün qaz direktivinə uyğun olaraq ilk xəbərdarlıq səviyyəsini elan etdim”- deyə o vurğulayıb.
Habek əlavə edib ki, planın birinci mərhələsində yanacaq təchizatı ilə bağlı vəziyyəti təhlil etmək üçün böhran qərargahı yaradılır. Vitse-kanslerin sözlərinə görə, hazırda bu sahədə heç bir problem yoxdur, lakin Almaniya ehtiyat tədbirlərini gücləndirir.
Öz növbəsində Almaniya Ticarət və Sənaye Palatasının prezidenti Peter Adrian yaxın gələcəkdə Rusiyadan qaz nəqlinin dayandırılmasının çox ciddi iqtisadi nəticələrə səbəb olacağını açıqlayıb. O, bir çox şirkətlərin vəziyyətdən təsirlənəcəyini vurğulayıb və Almaniya hakimiyyətinin fövqəladə vəziyyət planını işə salmaq qərarını “məsuliyyət” adlandırıb.
Xatırladaq ki, ötən həftə Putin ölkədaxili qaz ödənişlərinin rublla həyata keçirilməsini tapşırıb. Ödənişdən imtina edəcəyi təqdirdə isə Avropaya qaz verməyəcəyini vurğulayıb.
G7 ölkələri isə Rusiya qazına görə ödənişi rublla etməkdən boyun qaçırır. Yaponiya hökuməti də ölkə şirkətlərinə müraciət edərək Rusiya qazının pulunu rublla ödəmək tələbi ilə razılaşmamağı tapşırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
