Almaniyaya qeyri-qanuni yollarla daxil olan 14 min 500 türkdən 10 min 700-ü deportasiya edilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, türklər Almaniyadan sığınacaq ala bilməyən ən böyük qrupdur. Almaniyada demək olar ki, bütün suriyalılar və əfqanlar qəbul edilərkən, bütün qapılar türklərin üzünə bağlıdır.
Qeyd edək ki, Almaniyaya qeyri-qanuni immiqrasiya getdikcə azalsa da, davam edir. Bu ilin ilk 5 ayında Almaniyaya 33 min 556 suriyalı gəlib. Onlardan sığınacaqla bağlı müraciətlərinin 84,9 faizi qəbul edilib. Digərləri hələ də davam edir. Yalnız 14 suriyalıya sığınacaq verilməyib.
Eyni dövrdə 16 min 950 əfqan Almaniyadan sığınacaq istəyib. Onlardan 76,1 faizinin sığınacağına müsbət cavab verildiyi halda, 464 nəfərin sığınacağı rədd edilib.
Türklər üçün vəziyyət tam əksinədir. İlk 5 ayda 14 min 451 türk qeyri-qanuni yollarla Almaniyaya gəlib.
Bunlardan 10 min 724-nün sığınacaq tələbi rədd edilib. 89 türkə sığınacaq, 73 türkə isə hüquqi müdafiə statusu verilib. Sığınacaqları qəbul edilən Türkiyə vətəndaşlarının nisbəti 8 faiz olaraq qalıb. Türkiyə vətəndaşlarının əksəriyyəti sığınacaq verilməməsinə etiraz edib. Etiraz prosesləri mənfi nəticələnənlər qısa müddətdə deportasiya olunacaqlar.
Almaniyada sığınacaq verilməyənlər arasında kolumbiyalılar və ruslar da çoxluq təşkil edir.
İraq, Somali, İran, Qvineya və Eritreya kimi ölkələrdən qaçanların sığınacaq qəbul etmə nisbətləri türklərinkindən orta hesabla üç dəfə çoxdur.
Digər tərəfdən, qeyri-qanuni mühacirlərin Almaniyaya girişində ötən illə müqayisədə nəzərəçarpacaq azalma müşahidə olunub. Sərhəd nəzarətinin başlanması qeyri-qanuni mühacir axınını ləngidib və ölkəyə gələn suriyalıların sayı 10,6 faiz, əfqanların sayı 30,8 faiz, türklərin sayı isə 12,1 faiz azalıb.
Natiq Səlim,
KONKRET.az