Rusiyada çalışan Özbəkistan vətəndaşlarının kütləvi şəkildə vətənə qayıtması qeydə alınıb.
KONKRET.az xəbər verir ki, Özbəkistanın Miqrasiya Agentliyinin məlumatına görə, 2026-cı il avqustun 25-dən sentyabrın 5-dək Rusiyadan ümumilikdə 100 min civarında Özbəkistan vətəndaşı geri qayıdıb.
Onlardan 54 885 nəfər Rusiyadan birbaşa Özbəkistana, daha 41 530 nəfər isə Qazaxıstan ərazisindən keçməklə ölkəyə qayıdıb.
Miqrasiya Agentliyi bu miqyaslı geri dönüşün konkret səbəbini açıqlamayıb. Bununla belə, bəzi ekspertlər prosesi Rusiyada əmək miqrantları üçün şəraitin dəyişməsi, gəlirlərin azalması, aşağı əməkhaqqı, qeyri-sabitlik və təhlükəsizlik riskləri ilə əlaqələndirirlər.
Son bir ildən artıq müddətdə Rusiyada, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqazdan gələn, əksəriyyəti müsəlman olan miqrantlara münasibətin kəskin sərtləşməsi də diqqət çəkir. Miqrasiya qanunvericiliyi sərtləşdirilib, polis yoxlamaları və deportasiya mexanizmləri genişləndirilib.
Bu sərt xəttin tanınmış tərəfdarlarından biri Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanovdur. O, Mərkəzi Asiya və Cənubi Qafqazdan miqrasiyanı dəfələrlə Rusiyanın milli və mədəni kimliyinə təhlükə kimi təqdim edib. Kabanov son çıxışlarında halal məhsulların yayılması, yeni məscidlərin tikilməsi, islam bankçılığı, ictimai yerlərdə namaz qılınması, hicab və niqabın yayılmasını Rusiyanın islamlaşdırılması prosesinin elementləri adlandırıb.
Kabanovun fikrincə, başqa xalqların dini və milli ənənələrinə yalnız onlar rus milli maraqları və pravoslav ənənələri ilə ziddiyyət təşkil etmədiyi müddətdə hörmət edilməlidir. O, miqrasiya nəticəsində Rusiyada demoqrafik və mədəni balansın dəyişməsi barədə də dəfələrlə xəbərdarlıq edib.
“Rus dünyası” ideologiyasının ən tanınmış simalarından Aleksandr Dugin isə son illərdə, o cümlədən yaxın dövrdə dəfələrlə daha açıq mövqe nümayiş etdirib. O, Rusiyada yaşayan tacik miqrantlara rus dilini öyrənməyi, rus ədəbiyyatını mənimsəməyi və pravoslavlığı qəbul etməyi təklif edib. Dugin miqrantların uşaqlarını xaç suyuna salmasını, kilsədə nikaha girməsini, pravoslav dini qaydalarına əməl etməsini və Rusiyanı müdafiə etməsini də bu modelin tərkib hissəsi kimi göstərib. Onun təqdim etdiyi yanaşmada miqrantın “rus dünyasına” inteqrasiyası sadəcə dil və qanunlara uyğunlaşma deyil, dini-mədəni assimilyasiya ilə də əlaqələndirilir.
Beləliklə, Rusiyada miqrantlarla bağlı sərt ritorika artıq yalnız qanunsuz miqrasiya və əmək bazarı məsələləri ilə məhdudlaşmır. Müzakirələrdə İslam, müsəlman dini atributları və Mərkəzi Asiyadan gələn əhalinin demoqrafik təsiri də getdikcə daha çox hədəfə çevrilir.
Paradoks ondadır ki, Mərkəzi Asiya və Cənubi Qafqazdan gələn miqrantlara təzyiq artdığı bir vaxtda Rusiya ciddi işçi çatışmazlığı səbəbindən Hindistan və digər ölkələrdən əmək miqrantlarının cəlbini genişləndirir. Rusiyada işçi qüvvəsi çatışmazlığının milyonlarla nəfər olduğu qiymətləndirilir və Moskva bu boşluğu yeni ölkələrdən gələn işçilərlə doldurmağa çalışır.
