Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı – 7 il 6 ay HƏBSbackend

Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı – 7 il 6 ay HƏBS

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Tağı Vəliyevin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Tağı Vəliyevin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunub. Təqsirləndirilən şəxsin cəzası 7 il 6 aydan 4 ilə endirilib.

İttihama görə, hadisə 2025-ci ilin iyun ayında gecə saat 01 radələrində Quba rayonunun Möhüc kəndində yerləşən kafelərdən birində baş verib.

Belə ki, Tağı Vəliyev həmin gecə kafedə spirtli içki qəbul edib. Bir neçə pivə içdikdən sonra o, yenidən araq sifariş verib. Kafenin sahibi isə onun artıq sərxoş vəziyyətdə olduğunu nəzərə alaraq araq verməkdən imtina edib.

İttihama əsasən, bu vəziyyət təqsirləndirilən şəxsin narazılığına səbəb olub. O, özünü ətrafdakılara qarşı qoyaraq yüksək səslə mübahisə edib, ictimai qaydanı kobud şəkildə pozan hərəkətlərə yol verib və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

Mübahisə zamanı kafenin qarşısında təsadüfən olan və obyekt sahibinin qohumu olan zərərçəkmiş Əliş Məcidzadə (adı, soyadı şərtidir) də hadisəyə müdaxilə edib. Bundan sonra Tağı ilə zərərçəkmiş arasında da mübahisə yaranıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bununla kifayətlənməyərək yaşadığı evə gedib. O, evin mətbəxindən bıçaq götürərək şalvarının cibinə qoyub və yenidən hadisə yerinə qayıdıb. Tağı əvvəlcədən formalaşdırdığı cinayət niyyətini həyata keçirərək mübahisə etdiyi Əlişə bıçaqla ardıcıl iki zərbə endirib.

Zərbələrdən biri qarının ön divarının sağ epiqastral nahiyəsinə dəyərək qarın boşluğuna nüfuz edib və qaraciyərin zədələnməsinə səbəb olub. Digər zərbə isə göbək nahiyəsinin sağ hissəsinə dəyərək qarın boşluğuna nüfuz edib, piyliyin zədələnməsi ilə nəticələnib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə yetirilmiş hər iki xəsarət həm ayrı-ayrılıqda, həm də birlikdə insan həyatı üçün təhlükəli hesab olunan, sağlamlığa ağır zərər vuran bədən xəsarətləri kimi qiymətləndirilib.

İttiham tərəfi hesab edib ki, təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçaqla şəxsə qarşı zor tətbiq etməklə ictimai qaydanı kobud şəkildə pozub və xuliqanlıq cinayəti törədib.

Məhkəmə iş üzrə toplanmış sübutları, şahid ifadələrini, ekspertiza rəylərini və digər materialları araşdırdıqdan sonra təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirinin tam sübuta yetirildiyi qənaətinə gəlib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tağı Vəliyev cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*