Ağstafada arı vurması nəticəsində ölən gənc oğlan dəfn zamanı ayılıb.
KONKRET.az-ın məlumatına görə, 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbiristanlıqda məlum olub ki, o, sağdır.
Dərhal yaxınları İ.Qəhrəmanovu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, o, həqiqətən də dünyasını dəyişməyib, lakin vəziyyəti ağırdır. İ.Qəhramanov bir neçə saat sonra xəstəxanada vəfat edib.
“Qafqazinfo” 24 yaşlı oğlanın dəfndə oyanması ilə bağlı bir sıra təfərrüatları əldə edib.
Kənd sakinlərinin bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.
Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra keçindiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub. Nəticədə onun bədənində qan dövranı dayanıb və dünyasını dəyişib.
Qeyd edək ki, Şəmkirdə yaşayan İlqar Qəhrəmanov Ağstafaya nişanlısıgilə qonaq gedərkən onu arı sancıb.
