Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşaya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə sosial şəbəkə hesabında paylaşım edib.
KONKRET.az xəbər verir ki, Türkiyə lideri Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən məmnunluğunu ifadə edib.
Ərdoğan paylaşımında bildirib:
“Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum.
Bundan 6 il əvvəl İlham qardaşımın qətiyyətli rəhbərliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu.
Bu şanlı zəfər Azərbaycanın haqq işinin ən gözəl təzahürü və bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir.
Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni dövrün qapısını açdı.
Bu gün qarşımızda duran vəzifə döyüş meydanlarında qazanılmış qələbəni davamlı sülh və sabitliklə taclandırmaqdır.
Biz Azərbaycanın haqq mübarizəsini dəstəklədiyimiz kimi, bölgəmizdə davamlı sülhün bərqərar olması istiqamətində göstərdiyi səmimi səyləri də dəstəkləyirik.
Qarabağın yenidən qurulması və bölgənin əvvəlki canlılığına qovuşdurulması üçün Azərbaycanın göstərdiyi səyləri böyük təqdirlə izləyirik.
Qarabağda yenidən tüstüsü yüksələn hər ocaq, ucaldılan hər tikili və bərpa edilən hər bir tarixi irs nümunəsi Azərbaycan xalqının gələcəyə inamını nümayiş etdirir.
İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik”.
