Ekofəalların bir neçə aydır davam edən aksiyasının müvəqəti olaraq dayandırılması bəzi sualların yaranmasına yol açıb. Belə ki, bir çox insanlar artıq tələblərimizin yerinə yetirildiyini və Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulduğunu əsas gətirərək ekofəalların missiyasının başa çatdığını vurğulayıblar. Lakin cəmiyyətin müəyyən təbəqəsindən olan insanlar aksiyanın hansı səbəblərdən dayandırılması ilə bağlı suala cavab tapa bilmədiklərini dilə gətiriblər. Bəs görəsən, əldə edilən nailiyyətlər fonunda indiki məqamda ekofəalların aksiyanı davam etdirməsinə ehtiyac varmı? Yoxsa missiya həqiqətən də başa çatıb və etirazların dayandırılmalıdır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, Şuşada 130 gündən çoxdur davam edən aksiya böyük ölçüdə öz məqsədinə çatsa da, hələ tam hədəfə nail olunmayıb: “Ən önəmli nailiyyət separatçıların eks “Dövlət naziri” Ruben Vardanyanın vəzifəsindən uzaqlaşdırılması və Laçında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qurulması, eləcə də sərvətlərimizin talanmasının qarşısının alınması oldu. Belə ki, orada fəaliyyət göstərən şirkətlər fəaliyyətini dayandırdı, sülməramlıların nəzarətində olan ərazilərdə yoxlama işləri aparıldı, Xocalıda reinteqrasiya ilə bağlı ilkin görüşlər keçirildi. Yəni bütün bu sadalanan faktlar aksiyalar fonunda baş verdi. Əslində bu faktları ekofəalların aksiyasının real nəticələri kimi də xarakterizə edə bilərik”.

Politoloqun sözlərinə görə, aksiya iştirakçıları müvəqqəti olaraq etirazları dayandıracaqlarını bildiriblər: “Bu, böyük ölçüdə proseslərin tənzimlənməsindən xəbər verir. Lakin qarşı tərəf ekofəallarımızın müvəqqəti olaraq aksiyanı dayandırmasından həvəslənməməlidir. Çünki Azərbaycan tərəfi hələ istəyinə tam nail olmayıb. Odur ki, istənilən an aksiya yenidən başalaya bilər. Hesab edirəm ki, bundan sonra ekofəallarının tələblərini Azərbaycanın sərhəd qoşunları davam etdirəcək. Çünki Şuşadakı aksiyalar zamanı qanunsuz daşımaların qarşısı alınırdı. Bu gün isə faktiki olaraq Ermənistandan Azərbaycan ərazilərinə və Qarabağa daxil olan bütün qanunsuz daşımalara rəsmi olaraq Laçın yolunda qoyduğumuz buraxılış məntəqəsi vasitəsilə nəzarət ediləcək. Artıq mülki yox, hərbi nəzarətə keçid baş verib. Amma hər bir halda lazım gələrsə, aksiya iştirakçıları yenidən meydanlara qayıdacaq və vətənimizin sərvətlərinin talanmasının qarşısını almaq üçün mübarizə aparacaq”.
Turan Rzayev əlavə edib ki, aksiyaların davam etməsi zəruridir: “Çünki oradakı insanlar mülki şəxslərdir. Bu baxımdan sülhməramlıların və separatçıların onlara qarşı hansısa addım atması mümkün deyil. Ona görə də, aksiya fonunda bir sıra əlavə dividentlər qazandıq. Aksiyalar hazırkı nailiyyətlərə uyğun olaraq müvəqqəti dayandırılıb. Lakin qarşı tərəf təxribatlara əl ata və verdiyi sözləri tutmaya bilər. Üstəlik aksiyada səsləndirilən tələblərin bəziləri hələ yerinə yetirilməyib. Bu baxımdan prosesin davam etməsi mümkündür”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
