“Şuşada vəziyyət 6 noyabr tarixindən sonra kəskin şəkildə dəyişdi. Etiraf edim ki, nə baş verdiyini təhlil etməyə çalışsam da, heç nə anlaya bilmirəm”.
KONKRET.az xəbər verir ki, bu fikirləri vətən müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi kimi çıxış edən Artsrun Ovannisyan səsləndirib. O, müharibə vaxtı bütün məlumatları Ermənistanın siyasi rəhbərliyindən deyil, hərbi komandanlıqdan aldığını deyib.
Ermənistan tərəfinin rəsmi olaraq “Biz qazanacağıq” şüarına baxmayaraq müharibəni niyə uduzduğuna dair sualı cavablandıran Ovannisyan jurnalistlərdən əvvəlki çıxışlarını diqqətlə təhlil etmələrini istəyib:
“Mənim bəyanatlarımın yarısı döyüşçülərin ruh yüksəkliyinin artırılmasına xidmət edirdi, digər yarısı isə müharibə haqda məlumatverici xəbərlər idi. Həmçinin mən “Qazanırıq” deyil, “Qazanacağıq” haştağından istifadə etmişəm”.
Ovannisyan bildirib ki, müharibədən sonra hər kəs xaini tapmağa çalışır. Lakin orduda xain axtarmaq ədalətsizlikdir:
“Şuşada vəziyyət 6 noyabr tarixindən sonra kəskin şəkildə dəyişdi. Etiraf edim ki, nə baş verdiyini təhlil etməyə çalışsam da, heç nə anlaya bilmirəm”.
Xatırladaq ki, noyabr ayının 9-u axşam saatlarına qədər sosial şəbəkələrin erməni seqmentində Şuşadakı döyüşlərin davam etməsi barədə məlumatlar yayılırdı. Ermənistanın baş naziri Nikol Paşinyan şəhərin müdafiəsinin davam etdirildiyinə dair status da paylaşmışdı. Lakin bir neçə saatdan sonra, Nikol Paşinyan Şuşanın Azərbaycan ordusu tərəfindən azad edilməsi reallığını açıqlamağa məcbur oldu və ardınca düşmənin kapitulyasiyasını əks etdirən üçtərəfli bəyanat imzalandı.
Müşviq Tofiqoğlu
KONKRET.az
