Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Yan Liddell-Qrancer, Liz Kristofersen və Ermənistan üzrə həmməruzəçilər Kimmo Kilyunen və Boriana Aberq Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsi ilə bağlı bəyanat yayıblar. Bəyanatda Azərbaycan tərəfindən Laçın yolunda postun quraşdırılması düzgün hesab edilməyib, eləcə də sərbəst hərəkətin təşkilinə çağırış olunub. Bu bəyanat Qərbin və onun himayə etdiyi təşkilatlarının növbəti ikili yanaşmasının təzahürü kimi dəyərləndirilib. Bəs görəsən, bu cür bəyanatların Azərbaycana hansısa yan təsirləri varmı? Ümumiyyətlə AŞPA üzvlərinin açıqlamaları bizim üçün əhəmiyyətlidirmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Azərbaycanın Laçın yolunda qurduğu nəzarət-buraxılış məntəqəsi ilə bağlı beynəlxalq güclər ikili standartlarla dolu bəyanatlar səsləndiriblər: “Burada diqqət çəkən digər bir məqam isə Avropa Şurasının bəzi deputatları tərəfindən yayılan bəyanatlardır. Belə ki, Böyük Britaniyadan, İsveçdən olan məruzəçilərin Laçın dəhlizində qurduğumuz nəzarət-buraxılış məntəqəsi ilə bağlı qərəzli açıqlamaları Azərbaycan tərəfindən məyusluqla qarşılanır. Təbii ki, onların Laçın yolundakı postun qaldırılması, gediş-gəlişin sərbəstləşdirilməsi ilə bağlı açıqlamaları beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki heç bir dövlət öz sərhədlərini nəzarətsiz qoymamalıdır. Beynəlxalq hüquqda bu, hər bir ölkənin suveren haqqıdır. Azərbaycan da bu imkanlardan yararlanaraq öz sərhədlərini bərpa edib və orada post qurub”.
![]()
Politoloqun sözlərinə görə, iki ildən çoxdur ki, bu proseslər davam edir: “Amma bir dəfə də olsun Avropa Şurasından, yaxud digər beynəlxalq qurumlardan Ermənistanın etdiyi qanunsuzluqlara və yaratdığı təxribatlara hər hansısa formada fikir bildirilməyib. Əksinə hər zaman bunun üzərindən keçməyə cəhd göstərilib. Əslində belə qərəzli yanaşmaların bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, hansı qurumların Azərbaycana qarşı ikili standartlardan yanaşdığının şahidi oluruq. Digər tərəfdən beynəlxalq birliyin özünün belə ədalət prinsiplərindən uzaq düşdüyünü görürük. Hesab edirəm ki, Azərbaycana qarşı hansısa dövlətin və qurumun qərəzi qəbuledilməzdir. Çünki Qarabağ Azərbaycanın tərkib hissəsidir, Laçın dəhlizi isə suveren ərazimizdir. Odur ki, terrorçuların oradan hərəkətinə yol verməmək və qanunsuz silah daşınmasının qarşısını almaq üçün atdığımız bütün addımlar təhlükəsizliyimizin təmin olunmasına hesablanıb”.
Samir Hümbətov əlavə edib ki, ermənilər yalnız Azərbaycanın hüquqlarını tanıyaraq Qarabağda yaşaya bilərlər: “Bunu Avropa Şurası və digər qurumlar qəbul etməlidir. AŞPA Azərbaycana qarşı bütün məsələlərdə anında reaksiya verdiyi kimi, Ermənistanın qanunsuzluqlarına da dərhal münasibət sərgiləməlidir. Eyni zamanda rəsmi Bakının haqq mövqeyini müdafiə etməlidir ki, bizdə həmin təşkilatın ədalətli fəaliyyətinə inam yaransın. Əgər bu, baş vermirsə, o zaman Avropa Şurasının qəbul etdiyi qərarlar və Qərbin emal etdiyi dəyərlər bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
